Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Avqust 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikasının Müdafıə naziri cənab Eynars Repşenin dəvətilə avqustun 15-i və 16-da Riqa şəhərində rəsmi səfərdə olmuşdur.
Avqustun 15-də general-polkovnik S.Əbiyev Latviya Milli Silahlı Qüvvələrinin komandanı vitse-admiral Qaydis Andreys Zeybots ilə görüşmüşdür. Burada Azərbaycanın Müdafiə naziri üçün Latviya Silahlı Qüvvələri haqqında brifinq keçirilmişdir.
General-polkovnik S.Əbiyev öz növbəsində Azərbaycanın müstəqillik əldə etməsi, Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycan Silahlı Qüvvələri və NATO ilə əməkdaşlıq haqqında məlumat vermişdir.
Həmin gün general-polkovnik S.Əbiyevi Latviya Respublikasının Müdafiə naziri cənab Eynars Repşe qəbul etmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq antiterror koalisiyasında iştirakı və Ermənistan-Azərbaycan münaqişəsi haqqında Latviyanın müdafıə nazirinə məlumat verərək demişdir: “İnanırıq ki, tezliklə bütün dövlətlər Ermənistanı işğalçı dövlət kimi tanıyacaq və ondan Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməyi tələb edəcəklər.  
Azərbaycan heç kimə onun ərazi bütövlüyünü pozmağa icazə verməyəcək, biz bir qarış topağımızı da Ermənistana verməyəcəyik. Azərbaycan tələb edir ki, bütün işğal olunmuş torpaqlar, o cümlədən Dağlıq Qarabağın ərazisi Azərbaycana qaytarılsın. Biz bundan sonra Dağlıq Qarabağa muxtariyyət verməyə, əhalisinin təhlükəsizliyinə və iqtisadiyyatının inkişafına təminat verməyə razı ola bilərik”.
O, fikrinə davam edərək bildirmişdir ki, bizi narahat edən Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda silah-sursatın və hərbi texnikanın toplanmasıdır.  
Görüş zamanı general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və yaranma səbəbləri, Azərbaycanın Silahlı Qüvvələri və Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət haqqında Latviyanın Müdafıə nazirinə məlumat vermişdir.
Cənab E.Repşe söyləmişdir ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanın sülhyaratma missiyasında iştirakını yüksək qiymətləndirir.
Görüşdən sonra “Latviya Respublikası və Azsərbaycan Respublikası Müdafiə Nazirlikləri arasında müdafiə sahəsində” Saziş imzalanmışdır.
Saziş NATO və “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı təcrübə mübadiləsi, müdafiə siyasəti və strategiyası, komandanlıq və idarəetmə, beynəlxalq sülhü dəstəkləmə və humanitar əməliyyatlar, mülki-fövqəladə planlaşdırma və mülki-hərbi əməkdaşlıq, hərbi quruculuq və hərbi islahatlar, hərbi təhsil, hərbi-texniki, hərbi-elmi, hərbi hüquq və digər əməkdaşlıq sahələrini əhatə edir.
Sazişi müdafiə nazirləri general-polkovnik S.Əbiyev və cənab E.Repşe imzalamışlar.  
Həmin gün Latviya Seyminin sədri xanım İngrida Udre general-polkovnik S.Əbiyevi və nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyon Azərbaycan vətəndaşının qaçqın vəziyyətdə olması və onların hüquqlarının tapdanması, işğal olunmuş ərazilərin darmadağın və tam qarət edilməsi barədə xanım İ.Udreyə məlumat vermişdir. O, demişdir: “BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsi haqqında dörd qətnamə və bu ilin yanvarında Avropa Şurası Ermənistanın işğalçı dövlət olması haqqında qətnamə qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrin tələblərini yerinə yetirmir”.
Xanım İ.Udre demişdir: “Biz sizin bütün ağrılarınızı başa düşürük. Bu münaqişənin dinc yolla həllini arzulayırıq”.  
O, davam edərək demişdir ki, biz Azərbaycanla Avropa Şurasının Parlament Assambleyasında da əməkdaşlıq edir və bunu davam etdirmək fikrindəyik.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir: “Beynəlxalq tədbirlərdə qərar qəbul edərkən məsələni hərtərəfli öyrənmək lazımdır ki, yanlış qərarlar qəbul edilməsin. Avropa Şurasının Parlament Assambleyasında Azerbaycanın və Latviyanın daimi parlament qrupları əlbir işləməli və dövlətlərimizin milli mənafeyini birgə müdafiə etməlidirlər”.
Həmin gün Latviya Respublikasının Xarici İşlər naziri cənab Artis Pabriks general-polkovnik S.Əbiyevi əvvəlcə təkbətək, sonra nümayəndə heyətini geniş şəkildə qəbul etmişdir. Görüşdə Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Latviya-Azərbaycan münasibətləri, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilmişdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq demişdir: “Münaqişənin həllində ikili standartların mövcudluğu bizi narahat edir. Biz münaqişəni dinc yolla həll etmək istəyirik. Azərbaycan işğal faktı ilə heç zaman barışmayacaq. Münaqişəni istənilən yolla həll edəcəyik”.
Həmin gün general-polkovnik S.Əbiyev Latviya Seyminin Müdafıə və Daxili İşlər Komitəsinin sədri cənab Yuris Dalbinş ilə görüşmüşdür. Görüşdə komitə sədri rəhbərlik etdiyi strukturun işi haqqında general-polkovnik S.Əbiyevə məlumat vermiş və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Avqustun 16-da general-polkovnik S.Əbiyev Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən Axtarış-Xilasetmə Xidməti üzrə Mərkəzə gəlmiş, burada brifinq keçirilmiş və nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olmuşdur.
Səfər avqustun 16-da başa çatmışdır.