Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2005 00:03

Müdafiə Nazirliyinin məlumatı

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd Əl Şərqavini qəbul etmişdir.
Müdafiə naziri səfiri salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Misir dövləti ilə münasibətlərinə xüsusi əhəmiyyət verir.
General-polkovnik S.Əbiyev söyləmişdir ki, Azərbaycan Müstəqillik əldə etdikdən sonra çətinliklərlə üzləşmiş, işğalçı Ermənistanın təcavüzünə məruz qalmış və 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və köçkün vəziyyətinə düşmüş, onların hüquqları tam pozulmuşdur. O, demişdir: “1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş yoxdur. Bizi təəccübləndirən Ermənistan dövlətinin dünya ictimaiyyəti tərəfindən işğalçı elan olunmamasıdır.
Azərbaycan öz torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq və istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Səfir Y.Ə.Şərqavi səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək Misir Ərəb Respublikasının Müdafiə və Hərbi istehsalat naziri, Silahlı Qüvvələrin Komandanı səhra marşalı Məhəmməd Hüseyn Tantavinin səmimi salamlarını ona çatdırmışdır.
O, qeyd etmişdir ki, ölkələrimiz arasındakı münasibətlərin kökləri tarixin dərinliklərinə gedir. Mən Misir dövlətinin başçısı və Müdafiə nazirindən Azərbaycanla Müdafiə sahəsində əməkdaşlığın yaradılması haqqında göstəriş almışam. O, demişdir: “Misir Ərəb Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həllini müdafiə edir. Misir dövlətinin bu mövqei sarsılmazdır”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycanla Misir dövləti arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Azərbaycan müdafiə sahəsində Misir dövləti ilə əməkdaşlıq etməyə hazırdır.
Görüşün sonunda general-polkovnik S.Əbiyev onun salamlarını Misir dövlətinin Müdafiə nazirinə çatdırmağı xahiş etmişdir.