Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Baş Qərargah rəisinin müavini ordu generalı İlker Başbuğu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan dövləti üçün çox mühüm bir siyasi xətdir. Bu xətt Azərbaycan dövləti öz müstəqilliyini əldə etdiyi ilk zamanlardan siyasi, iqtisadi, hərbi və digər münasibətlərin yaradılması və inkişafı şəklində təzahür etmişdir.
Azərbaycan Silahlı Qüvvələri ilk olaraq Türkiyənin Silahlı Qüvvələri ilə əməkdaşlıq etmiş, sonra isə NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığa başlamışdır. Türkiyə dövlətinin bu əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində böyük xidməti olmuşdur. Buna görə mən Türkiyənin dövlət və Silahlı Qüvvələr rəhbərliyinə öz təşəkkürümü bildirirəm.  
Ordu generalı İ,Başbuğ dəvətə və qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hilmi Özkökün salamlarını və sayğılarını ona çatdırmışdır. O, demişdir: “Azərbaycana bu ilk səfərim məndə xoş hisslər və həyəcan yaratmışdır. Türkiyənin qardaşlıq etdiyi xeyli dövlət var. Azərbaycan isə bizim öz doğma qardaşımızdır. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev bu hissi “bir millət, iki dövlət” deyərək gözəl ifadə etmişdir”.
Ordu generalı İ.Başbuğ davam edərək söyləmişdir ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələr dostları sevindirəcək, düşmənləri isə düşündürəcək səviyyədədir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz bölgəsindəki hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi həllinin hansı mərhələdə olduğu barədə ordu generalı İ.Başbuğla fikir mübadiləsi etmişdir. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Varşavada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüş və cənab R.T.Ərdoğan Ermənistan-Azərbaycan münaqişəsinin həllində Türkiyənin mövqeinin sarsılmaz olduğunu bir daha bəyan etmişdir”.
Sonra general-polkovnik S.Əbiyev və ordu generalı İ.Başbuğ Azərbaycan-Türkiyə hərbi əlaqələrinin perspektivlərini ətraflı müzakirə etmişlər.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Turan Moralı iştirak etmişdir.