Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2005 00:02

Müdafiə Nazirliyinin məlumatı

Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ATƏT-in Minsk Qrupunun Fransalı həmsədri səfir Bernar Fasyeni qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
Müdafiə naziri qonağı salamladıqdan sonra Ermənistan-Azərbaycan münaqişəsi, onun nəticələri və atəşkəs rejiminin 11 ildən artıq davam etməsinə baxmayaraq danışıqların bir nəticə verməməsi haqqında qonağa məlumat vermişdir.
O, demişdir: “Siz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini görmüsünüz. Orada bütün infrastruktur məhv edilmiş, evlər, məktəblər, elm və mədəniyyət ocaqları darmadağın edilmişdir. Bunu ancaq faşistlər edə bilərdilər”.
General-polkovnik S.Əbiyev davam edərək bildirmişdir ki, Azərbaycan xalqının səbr kasası artıq dolmuşdur. Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır. Danışıqlar bir nəticə verməsə biz işğal olunmuş ərazilərimizin azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik.
Səfir B.Fasye Azərbaycanın Müdafiə nazirinə onu qəbul etdiyinə görə təşəkkür edərək özü və diplomatik fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O, demişdir: “Mən Azərbaycanın işğal olunmuş torpaqlarını gözlərimlə görmüşəm və əmin olmuşam ki, tezliklə vəziyyətdən çıxış yolu tapmaq lazımdır”.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq Fransa dövlətinin rolundan ətraflı söhbət açmışdır. O, demişdir: “Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına bütün beynəlxalq ictimaiyyət razıdır. Azərbaycanın beynəlxalq nüfuzu çox böyükdür.
Dağlıq Qarabağın isə müstəqilliyini de-fakto qəbul edən bir dövlət də yoxdur. Bu, belə də olmalıdır”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi situasiya ilə tanışlıq çərçivəsində səfir B.Fasye ilə ətraflı fikir mübadiləsi aparmışdır.
Görüşdə Fransa Republikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rolan Blatman iştirak etmişdir.