Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti briqada generalı Cianni Qolanı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq Beynəlxalq Hərbi İdman Şurasının bir çox dövlətlərin hərbi-idman cəmiyyətlərini birləşdirərək dövlətlər arasında xoş münasibətlər yaratdığını vurğulamışdır.
General-polkovnik S.Əbiyev xatırlamışdır ki, biz Azərbaycanda ötən ilin noyabrında ilk dəfə CISM bayrağı altında Hərbçilər Arasında dzyü-do üzrə dünya çempionatını keçirdik. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çempionatın açılışında şəxsən iştirak etmiş və onun gedişini yaxından izləmişdir”.
Briqada generalı C.Qola qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və Azərbaycanda dzyü-do üzrə dünya çempionatlarının yüksək səviyyədə təşkil olunduğuna görə, çempionatda iştirak edən komandaların rəhbərləri və CISM adından Azərbaycanın Müdafiə nazirinə minnətdarlıq etmişdir. O, demişdir: “Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dzyü-do üzrə Bakıda keçirilən dünya çempionatlarının açılışında iştirakına və Azərbaycanda idmanın, o cümlədən hərbi idmanın inkişafına dərindən qayğı göstərdiyinə görə ona təşəkkür edirəm.
Azərbaycanın hərbi idman təşkilatı CISM-ə daxil olduğu gündən onun işində fəal iştirak edir”.
O, CISM-in yaranma tarixi və fəaliyyəti haqqında Azərbaycanın Müdafiə nazirinə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın müstəqillik qazanması, işğalçı Ermənistan tərəfindən münaqişəyə cəlb olunması, buna baxmayaraq dövlətimizin iqtisadi yüksəlişi və bunun da Respublikada idmanın, o cümlədən hərbi idmanın sürətlə inkişaf etməsinə təsiri haqqında qonaqla fikir mübadiləsi etmişdir. O, demişdir: “Bu gün Azərbaycanın əsas bölgələrində olimpiya kompleksləri inşa edilmiş və biz artıq Silahlı Qüvvələr üçün belə idman komplekslərinin inşası haqqında fikirləşirik”.
Görüşün sonunda briqada generalı C.Qola CISM-in və onun prinsiplərinin inkişafındakı xidmətlərinə görə general-polkovnik S.Əbiyevə Şura adından “Ali Zabit Ordeni”ni və onun diplomunu təqdim etmişdir.