Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 19-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahı Təlim Departamentinin baş direktoru kontr-admiral Məhəmməd Naşat Raffini və nümayəndə heyətini qəbul etmişdir.
Müdafıə naziri qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Pakistan İslam Respublikasına rəsmi səfəri, onun yüksək səviyyədə keçməsi iki qardaş dövləti və xalqı biri-birinə daha da yaxınlaşdırdı.
Konr-admiral M.N.Raffi səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyətinin Azərbaycana səfərinin onlar üçün böyük şərəf olduğunu qeyd etmiş və demişdir ki, iki dövlətin Silahlı Qüvvələri arasında çox yaxşı münasibətlər yaranmışdır. O, demişdir: “Pakistan İslam Respublikasının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanı və Azərbaycan Respublikasının Kəşmir məsələsində Pakistanı dəstəkləməsi iki dövlətin nə qədər səmimi münasibətdə olduğuna sübütdur. Pakistan Azərbaycanı istənilən təcavüzdən qorumaq üçün öz dəstəyini təklif edir”.
General-polkovnik S.Əbiyev mərhum prezident H.Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Pakistanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq söyləmişdir ki, Azərbaycanın və Paksitanın müdafiə sahəsində əməkdaşlığı durmadan inkişaf edir. O, Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin Pakistanın hərbi təhsil müəssisə¬lərində təhsil almasına şərait yaratdığına görə Paksitan dövlətinin və Müdafıə Nazirliyinin rəhbərliyinə təşəkkür etmişdir. O, demişdir: “Biz bu əməkdaşlığı daha da dərinləşdirmək niyyətindəyik”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonaqlarla fikir mübadiləsi etmişdir. O, demişdir: “Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələrinə baxmayaraq, Azərbay¬canın iqtisadiyyatı uğurla inkişaf edir. Yaxın aylarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru kəməri istifadəyə veriləcək, 2006-cı ildə isə Bakı Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanacaqdır. Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi torpaqlarımızın erməni işğalçılarından azad ediləcəyini reallaşdırır. Hazırda münaqişənin həllilə ATƏT-in Minsk Qrupu məşğuldur. Lakin onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Minaqişə dinc yolla həll edilməsə, Azərbaycan öz ərazilərini hər vasitə ilə azad etməyə hazır olmalıdır”.
Kontr-admiral M.N.Raffi cavab olaraq demişdir: “Biz Pakistanda torpaqlarının 20 faizini itirməyin nə demək olduğunu çox yaxşı bilirik. Bu məsələdə Azərbaycanın mövqeini dəstəkləyirik. Buna görə də Azərbaycan yalnız güclü dövlət mövqeindən çıxış etməlidir. Biz Azərbaycanla müdafiə sahəsində əməkdaşlığımızı daha da gücləndirməyə hazırıq”.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələri, onun təminatı və hərbi təhsil sistemi haqqında qonaqla fikir mübadiləsi etmişdir. O, demişdir: “Hər bir dövlət öz Silahlı Qüvvələri üçün zabit kadrlarını özü hazırlamalıdır. Biz bu gün buna nail olmuşuq. Lakin lazım gəldikcə kadrlarımızı xarici dövlətlərin, o cümlədən qardaş Pakistanın hərbi təhsil müəssisələrinə təhsil almağa göndəririk”.  
Kontr-admiral M.N.Raffi bir daha qeyd etmişdir ki, Pakistan Azərbaycana istənilən yardımı etməyə hazırdır.
General-polkovnik S.Əbiyev buna əmin olduğunu bildirərək demişdir: “Azərbaycanda Pakistan İslam Respublikası haqqında həmişə iftixarla danışırlar. Biz bu dostluq və qardaşlıqla öyünürük”.