Aprelin 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının dostluq səfəri ilə Bakıya gəlmiş komandanı vitse-admiral Startsev Yuri Vladimroviçi və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, iki ölkənin Xəzərdəki hərbi dəniz qüvvələrinin dostluq səfərləri sistem halını almış, bu da Azərbaycan və Rusiya dövlətləri Silahlı Qüvvələri münasibətlərinin durmadan yaxşılaşmasına kömək edir.
Vitse-admiral Y.Startsev yüksək qonaqpərvərliklə qarşılandıqlarına və səmimi qəbula görə Azərbaycanın Müdafiə nazirinə təşəkkür etmiş, Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyası gəmilərinin dostluq səfəri, onun məqsədi və proqramı haqqında general-polkovnik S.Əbiyevə məlumat verərək demişdir: “Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqının övladları qəhrəmanlıq nümunələri göstərərək faşizm üzərində qələbəyə öz töhvəsini vermişdir. Biz bu dostluq səfərini eyni zamanda faşizm üzərində qələbənin 60 illik yubileyi proqramı çərçivəsində həyata keçiririk”.
Sonra tərəflər Azərbaycan Hərbi Dəniz Qüvvələri və Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının vəziyyəti haqqında fikir mübadiləsi etmişlər.
Vitse-admiral Y.Startsev Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasmın maddi-texniki təchizatı və təminatı haqqında general-polkovnik S.Əbiyevə ətraflı məlumat vermişdir.
General-polkovnik S.Əbiyev demişdir: “Arzu edirəm ki, Xəzər iki dövlət arasında sülh, əmin-amanlıq və əməkdaşlıq dənizinə çevrilsin”. O, Rusiya Hərbi Dəniz Qüvvələri Xəzər Flotiliyasının şəxsi heyətinə müvəffəqiyyətlər diləmiş və dostluq səfərinin uğurla başa çatmasını arzulamışdır.
Görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Sültanov və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı hərbi attaşesi kontr-admiral Vladimr Lomakin iştirak etmişlər.