Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 1-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı komandanının müavini general Çarlz Uoldu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan ABŞ-ı özünün strateji müttəfiqi hesab edir. Azərbaycan-Amerika hərbi əməkdaşlığı xüsusilə 11 sentyabr hadisələrindən sonra planlı şəkildə inıkişaf etməyə başlamışdır. O, demişdir: “Hər iki dövlətin bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində münasibətləri dərinləşməkdədir. Azərbaycan NATO ilə də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əlaqələrini genişləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən il Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını NATO-nun Baş katibinə təqdim etmişdir. Azərbaycan NATO üzvü və tərəfdaş dövlətlərlə də ikitərəfli hərbi əməkdaşlığı davam etdirir”.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsi, onun nəticələri və Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət haqqında general Ç.Uoldla fikir mübadiləsi etmişdir.
General Ç.Uold ABŞ-Azərbaycan və NATO-Azəbaycan əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyindən razı qaldığını bildirmişdir. O, demişdir: “ABŞ istəyir ki, onun Azərbaycanla strateji münasibətləri daha da genişlənsin. Arzu edirəm ki, Azərbaycan Respublikasının ABŞ-la, qərb dövlətləri və NATO ilə münasibətləri və yaxınlaşması surətlə inkişaf etsin. Belə olduqda, Azərbaycan öz tarixinin ən mürəkkəb dövründən itkisiz çıxa bilər”.
Sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi etmişlər.
General Ç.Uold Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq söyləmişdir ki, bu məsələnin diplomatik yolla həll edilməsi hər iki dövlətin xeyrinə olardı.  
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan işğalçılıq iddialarından əl çəkmir və hər vəchlə məsələnin həllini uzadır. O, demişdir: “Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarında möhkəmlənmək üçün imkan yaradır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını məskunlaşdırmağa başlamışlar”.
General Ç.Uold qeyd etmişdir ki, buna bizim şübhəmiz yoxdur. Bir ölkənin başqa ölkənin torpaqlarını işğal etməsi qanunsuzluqdur. Problem ondan ibarətdir ki, bu münaqişə yalnız diplomatik yolla həll edilməlidir. ABŞ münaqişənin həllinə öz diqqətini artıracaqdır.
General-polkovnik S.Əbiyev onun bu sözlərini təqdir edərək söyləmişdir ki, bir ölkənin qonşu dövlətin torpaqlarını işğal etməsi demokratiya deyil. Azərbaycanda 1 milyondan artıq insanın haqqları tapdanmışdır. Bununla belə Azərbaycan münaqişənin dinc yolla həllinin tərəfdarıdır və hesab edir ki, danışıqlar prosesinin potensialı bitməmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.