Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Müdafiə naziri cənab Donald Ramsfeldlə görüşmüşdür.  
General-polkovnik S.Əbiyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını cənab D.Ramsfeldə çatdırmışdır.
Azərbaycanın Müdafiə naziri İraqdakı vəziyyətlə maraqlanarkən D.Ramsfeld qeyd etmişdir ki, orada vəziyyəti öz gözlərimlə gördüm. Hər şey yaxşılığa doğru gedir. O, demişdir: “Mən Azərbaycan Silahlı Qüvvələrinin  nümayəndələri ilə də görüşdüm. Onların yaxşı xidmətinə görə Sizə təşəkkür edirəm”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz buna çox şadıq.  Hazırda İraqı terrorçulardan təmizləmək ən böyük məqsəddir.
Cənab D.Ramsfeld Ermənistan-Azərbaycan münaqişəsi həllinin vəziyyətilə maraqlanarkən general-polkovnik S.Əbiyev hələlik münaqişənin həllində heç bir dəyişikliyin olmadığını, Ermənistanın öz havadarlarının köməyilə silahlanmanı davam etdirdiyini, onun öz işğalçılıq iddialarından əl çəkmədiyini və beynəlxalq hüquq normalarını qulaqardına vurduğunu xüsusilə qeyd etmişdir. O, demişdir: “Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri işə düşəcəkdir. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi bu layihənin həyata keçməsinə böyük təhlükə mənbəyidir”.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda və Xəzəryanı dövlətlərdə mövcud olan hərbi-siyasi və ictimai vəziyyəti cənab D.Ramsfeldlə müzakirə etmişdir.
D.Ramsfeld Azərbaycanın NATO-ya inteqrasiyasının vəziyyətilə  maraqlanaraq qeyd etmişdir ki, Amerika bu məsələdə Azərbaycana həmişə kömək edəcəkdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını NATO-nun Baş Katibinə təqdim etmişdir. Hazırda bu plan müzakirə mərhələsindədir. O, demişdir: “Biz ABŞ-la da bütün sahələrdə uzunmüddətli əməkdaşlığı davam etdirmək istəyirik. Lakin bunu məhdudlaşdıran “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəliş hələ də ləğv edilməmişdir. Azərbaycan ABŞ-ı özünün strateji tərəfdaşı hesab edir”.
Cənab D.Ramsfeld cavab olaraq demişdir ki, Amerika da bu tərəfdaşlığı  yüksək qiymətləndirir və onu inkişaf etdirmək niyyətindədir.
Sonra tərəflər onları maraqlandıran bəzi məsələlərə toxunmuşlar.
Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli  səfiri cənab Hafiz Paşayev və ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişlər.