Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev ABŞ Konqresinin Nebraska ştatından olan baş senatoru cənab Çak Haqeli, ABŞ Müdafıə Nazirliyi Avroasiya İdarəsinin baş direktoru cənab Ceyms Makduqalı və ABŞ-ın Avropadakı Silahlı Qüvvələri Baş Komandanının müavini general Çarlz Uoldun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafıə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan ABŞ-ı özünün strateji müttəfiqi hesab etmiş və bu gün də belə hesab edir. Azərbaycan Amerika ilə siyasi, iqtisadi və hərbi sahədə əməkdaşlığını uğurla davam etdirir. 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-la beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparan ilk dövlətlərdəndir. O, demişdir: “Azərbaycan ABŞ-la həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində uğurla əməkdaşlıq edir”.
O, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və havadarlarının yaxından köməyi ilə Ermənistanın regionda yeritdiyi işğalçı siyasət yürütməsi haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Senator Ç.Haqel qəbula, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət haqqında ətraflı məlumata görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək, ABŞ-a göstərdiyi dostluq münasibətləri üçün Azərbaycan xalqına minnətdarlıq etmişdir. O, demişdir: “Biz qarşıda həyata keçirəcəyimiz vəzifələri birlikdə həll etdikcə, gələcəyimiz daha böyük olacaqdır”.
General-polkovnik S.Əbiyev Azərbaycan-Amerika münasibətlərinin daha da dərinləşməsindən söhbət açaraq qeyd etmişdir ki, “Azadlığı dəstəkləmə Aktı”na 907-ci düzəlişin tam ləğv edilməməsi Azərbaycan xalqını narahat edən məqamlardan biridir.
Söhbətə qoşulan general Ç.Uold qeyd etmişdir ki, biz istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla və diplomatik vasitələrlə həll edilsin.
General-polkovnik S.Əbiyev onun dediklərinə münasibət bildirərək söyləmişdir: “Biz inadlı surətdə bu münaqişənin dinc yolla həllini istəyirik. Ona görə həmişə təkidlə tələb edirik ki, işğalçı Ermənistanı öz qüvvələrini Azərbaycan torpaqlarından çıxarmağa məcbur etmək lazımdır. Bizi başqa vasitələrə əl atmağa vadar etməsinlər. Biz öz qüvvələrimizə inanırıq”.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.