Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 25-də Müdafiə Nazirliyində Azərbaycanda rəsmi səfərdə olan Qətər dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Həməd Bin Əli Əl-Atiyyənin qarşılanma mərasimi olmuşdur.
Qonağın şərəfinə Silahlı Qüvvələrin Fəxri Qarovulu düzülmüşdür.
Qətərin və Azərbaycan Respublikasının dövlət himnləri seslənmişdir.
Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Qətər dövləti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Həməd Bin Əli Əl-Atiyyəni və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Qətər Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Son iki ildə dövlətlərimiz arasında dostluq əlaqələri genişlənməkdədir. O, demişdir: “Qətər dövləti BMT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın mövqeinin dəstəklənməsində, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünün əleyhinə qətnamələrin qəbul edilməsində fəallıq nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti cenab İ.Əliyevin 2004-cü ilin sonlarında Qətərə səfərindən sonra iki dövlət arasındaki münasibətlər daha da formalaşmağa başlamışdır”.
General-polkovnik Həməd Bin Əli Əl-Atiyyə onu Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və qeyd etmişdir ki, o Azərbaycanda çox mehribanlıqla qarşılanmışdır. O demişdir: “Qətər dövlətinin Əmiri Şeyx Həməd Bin Xəlifə Əl Tani ilə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin dostluğu dövlətlərimiz arasında münasibətlərin sürətlə inkişafının başlıca amilidir.
Ümid edirəm ki, Böyük Allah Azərbaycan xalqına öz ərazi bütövlüyünü tezliklə bərpa etməyə kömək edəcəkdir. Biz Azərbaycan Respublikasına hərbi sahədə hər cür yardım göstərməyə hazırıq”.
General-polkovnik S.Əbiyev Azərbaycanla Qətər dövləti arasında hərbi sahədə əməkdaşlıq məsələsinə toxunaraq demişdir ki, bizim hərbi sahədə əməkdaşlığımız 2004-cü ilin oktyabrında Bəhreyndə görüşümüzdən sonra başlamışdır. Mən bu ilin aprelində Doha şəhərində rəsmi səfərdə olarkən hərbi sahədə əməkdaşlığın layihəsini sizə təqdim etdim. İnanıram ki, biz yaxın zamanlarda iki dövlətin Müdafiə Nazirlikləri arasında Sazişin imzalanmasına nail olacağıq. O, demişdir: “Biz sizin Azərbaycan zabitlərinin Qətərin hərbi təhsil müəssisələrində təhsil alması  təklifinizi qəbul edirik. Mən öz tərəfimdən sizin zabitlərinizi də Azərbacanın hərbi təhsil müəssisələrində təhsil almağa dəvət edirəm”.
General-polkovnik Həməd Bin Əli Əl-Atiyyə qeyd etmişdir ki, iki dövlət arasında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin imzalanması Allahın köməyi ilə tezliklə öz həllini tapacaqdır. O, qeyd etmişdir ki, təhsil sahəsində razılığa gəlməyimiz bizim hərbi sahədə münasibətlərimizin daha da inkişaf etməsinə səbəb olacaqdır.
Sonra o Qətər Silahlı Qüvvələrin fəaliyyəti haqqında general-polkovnik S.Əbiyevə məlumat vermişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan xalqının həll olunmamış ən böyük problemi Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli yolları haqqında qonağa məlumat vermişdir. O, demişdir: “Bu gün münaqişənin həlli istiqamətində intensiv danışıqlar gedir. Lakin bizə aydın olan budur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq istəmir. Ermənistanda mövcud olan radikal qüvvələr öz millətini məhvə doğru aparır. Münaqişə nə qədər həll edilməyibsə döyüş əməliyatlarının başlaması istisna deyil.
Münaqişənin həllində ikili standartların mövcud olması Azərbaycanı öz torpaqlarını azad etmək üçün çox ciddi şəkildə hazırlaşmağa məcbur edir”.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının iqtisadi baxımdan sürətlə inkişafını vurğulayaraq demişdir: “Silahlı Qüvvələrin inkişafının əsas məqsədi onun Azərbaycanın ərazi bütövlüyünün qarantı olduğunu sübut etməkdir. Bu bizim konstitusiya vəzifəmizdir. Biz Silahlı Qüvvələrimizin yüksək səviyyədə olması üçün hər şeyi edirik və bundan sonra da edəcəyik”.
General-polkovnik Həməd Bin Əli Əl-Atiyyə cavab olaraq demişdir ki, iqtisadiyyatı inkişaf etdirmək ən düzgün yoldur. Azərbaycan xalqı və dövləti birinci növbədə öz gücünə arxalanmalıdır.
Səmimilik və dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elman Araslı iştirak etmişdir.