İyulun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Detlef Lingemannı qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq Azərbaycan Respublikasında səfir təyin edilməsi münasibətilə təbrik və ona diplomatik missiyasında uğurlar arzulamışdır. O, Azərbaycanın Almaniya ilə ikitərəfli, həmçinin ATƏT, Avropa Şurası və NATO çərçivəsində əməkdaşlığını uğurla davam etdirdiyini vurğulamışdır.
General-polkovnik S.Əbiyev demişdir: “Biz Almaniya ilə hərbi sahədə də əməkdaşlığımızı yaratmaq istəyirik. Bu məqsədlə bu ilin yanvar ayında hərbi sahədə əməkdaşlıq haqqında Sazişin layihəsini təqdim etmişik. Cavab gözləyirik”.
Cənab D.Lingemann qəbul üçün təşəkkür edərək söyləmişdir ki, Almaniya da Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək niyyətindədir. Biz göndərdiyiniz Sazişin layihəsini almışıq, yaxın günlərdə ona cavab veriləcəkdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi haqqında səfir D.Ligemannla fikir mübadiləsi etmişdir.
Səfir D.Lingemann demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Almaniyada rəsmi səfərdə olarkən kansler Q.Şröyder Azərbaycanın ərazi bütövlüyünü dostəklədiyini, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında dinc yolla həllinə tərəfdar olduğunu bildirmişdir.
General-polkovnik S.Əbiyev qonağı maraqlandıran suallara cavab vermişdir.