Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Dekabr 2005 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini cənab Ceyms Makduqalı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycanla Amerika Ştatları arasında əməkdaşlıq  getdikcə genişlənməkdədir. Azərbaycan NATO ilə də əməkdaşlığını fəal şəkildə davam etdirir. Fərdi Fəaliyyət Planının (IPAP) müddəaları artıq yerinə yetirilməkdədir.
Cənab C.Makduqal qəbul üçün müdafiə nazirinə təşəkkür edərək bu görüşə şad olduğunu bildirmiş və qeyd etmişdir ki, ABŞ Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (IPAP) müddəalarının yerinə yetirilməsində Azərbaycana əlindən gələn köməyi göstərəcəkdir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq  bildirmişdir  ki, bu məsələdə hələlik irəliləyiş yoxdur. Ermənistan durmadan silahlanır.
Ermənistan Respublikasının rəhbərliyi bəyan edir ki, onlar Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərlər. Əgər belə olarsa, bu, döyüş əməliyyatlarının yenidən  başlanmasına gətirib çıxara bilər. Biz tələb edirik ki, münaqişə beynəlxalq hüquq normaları əsasında həll olunsun. İşğal edilmiş torpaqlar azad edilsin. O, demişdir: “Bir neçə aydan sonra region üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəməri, növbəti il isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəcəkdir. Münaqişənin həll edilməməsi isə bu lahiyələrin təhlükəsizliyinə ciddi təhdiddir”.
Cənab C.Makduqal qeyd etmişdir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri ABŞ-la Azərbaycan arasındakı    iqtisadi  əməkdaşlığı daha da yaxınlaşdıracaqdır.
Daha sonra o, NATO-Azərbaycan əlaqələrinin perspektivlərinin olduğunu vurğulayaraq “NATO rəhbərliyi bu fikirdədir ki, Azərbaycan İPAP-ın yerinə yetirilməsində ciddi irəliləyiş əldə etmişdir. Bu da Ermənistan-Azərbaycan münaqişəsinin həllində öz müsbət təsirini göstərəcəkdir”.
Cənab C.Makduqal Azərbaycanda keçirilən parlament seçkilərinə də toxunaraq qeyd etmişdir ki, kiçik çatışmamazlıqların olmasına baxmayaraq bu seçki Azərbaycan üçün irəliyə doğru atılmış addım idi.
Sonda tərəflər Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Azərbaycan-ABŞ ikitərəfli hərbi əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi etmişlər.