Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Hafizi qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycanla Pakistan arasında həmişə möhkəm əlaqələr mövcud olmuşdur. Hər iki dövlətin prezidenti bu əlaqələrə böyük əhəmiyyət verirlər. Pakistanın dövlət rəhbərliyi və xalqı Azərbaycanın Ermənistana qarşı apardığı ədalətli müharibədə onun haqq işini həmişə dəstəkləmişdir. O, demişdir: “Mən bu yaxınlarda Pakistanda baş verən ağır zəlzələ nəticəsində həlak olanlarla bağlı Pakistan xalqı ilə birlikdə kədərlənir və ona dərin hüznlə baş sağlığı verirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişilə Pakistana humanitar yardım və xilasedicilər qrupu göndərilmişdir. Müdafiə Nazirliyi də bu yaxınlarda Pakistana humanitar yardım göndərəcəkdir”.
Cənab M.Hafiz səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, biz sizin bu ağır fəlakətlə bağlı ifadə etdiyiniz hissləri yüksək qiymətləndiririk. O, bu il oktyabrın 8-də baş verən zəlzələ haqqında məlumat verərək demişdir ki, son yüz ildə Pakistanın ərazisində belə zəlzələ olmayıb. 30 min kv.km. ərazini əhatə edən zəlzələ nəticəsində Himalay dağlarının əlçatmaz yüksəkliklərində yerləşən kəndlərdə 80 min nəfərdən çox insan həlak olmuş, 70 min nəfər xəsarət almış və 3,3 milyon nəfər insan evsiz-eşiksiz qalmışdır. O, demişdir: “Pakistan hökuməti və beynəlxalq ictimaiyyət bu fəlakətin aradan qaldırılması üçün əlindən gələni edir. Biz Azərbaycan xalqına və dövlətinə Pakistana birincilər sırasında yardım göstərdiyinə görə minnətdarlığımızı bildiririk. Pakistan xalqı Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin təşəbbüsü ilə 500 min ABŞ dolları məbləğində maliyyə yardımının, xilasedicilər qrupunun və dərman maddələrinin fəlakət zonasına göndərilməsini yüksək qiymətləndirir”. General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, biz bundan sonra da zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Pakistan dövlətinə əlimizdən gələn yardımı göstərəcəyik. O, demişdir: “Arzu edirəm ki, Pakistan xalqı tezliklə ağır zəlzələnin nəticələrini aradan qaldırıb bu vəziyyətdən çıxsın”.