Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bəhreyn Krallığının Azərbaycanda qeyri-rəsmi səfərdə olan Müdafiə naziri general-leytenant Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəni və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra onları müsəlman dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik etmişdir.
Bəhreyn Krallığının Müdafiə naziri səmimi qəbula görə general-polkovnik S.Əbiyevə minnətdarlıq edərək onu Ramazan bayramı münasibətilə təbrik etmiş və Bəhreynə rəsmi səfərə dəvət etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan ərəb dünyasının bütün dövlətləri ilə əməkdaşlıq münasibətləri yaratmağa can atır. Hesab edirəm ki, biz Bəhreyn Krallığı ilə də hər sahədə, o cümlədən hərbi sahədə də əməkdaşlığı möhkəmləndirməliyik.
O, Ermənistan-Azərbaycan münaqişəsi, onun həllinin vəziyyəti, Azərbaycanın geostrateji mövqei və iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat vermişdir. General-polkovnik S.Əbiyev demişdir: “Azərbaycanın iqtisadiyyatı ildən-ilə güclənir. Bu isə onun Silahlı Qüvvələrinin güclənməsi deməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İ.Əliyev bu məsələyə xüsusi diqqət yetirir və qayğı göstərir”.
Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə demişdir: “İnanıram ki, Azərbaycan öz torpaqlarını azad edəcəkdir. Çünki haqq onun tərəfindədir. Bəhreyn Krallığı Azərbaycana bütün sahələrdə yardım etməyə hazırdır. Biz Allaha dua edəcəyik ki, Azərbaycan tezliklə öz torpaqlarını qaytarsın. Haqq işinə böyük inam olanda və xalq öz qüdrətinə inananda Allah da ona yardımçı olur. Mən Bəhreyn-Azərbaycan hərbi əməkdaşlığının yaradılmasında əlimdən gələn köməyi edəcəyəm”.
General-polkovnik S.Əbiyev bu mərama görə təşəkkür etmiş və ona Azərbaycana səfərində uğurlar arzulamışdır.