Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Oktyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyətinin tərkibinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ser Brayan Foll, Xarici İşlər Nazirliyinin Şərq İdarəsinin rəhbəri cənab Saymon Smitt, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitye və digərləri daxildir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində onlara məlumat vermişdir. O, əsasən, Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi üzərində dayanaraq qeyd etmişdir ki, Ermənistan rəhbərliyi mücərrəd sülh haqqında danışmaqdansa, işğal etdiyi Azərbaycan torpaqlarını necə boşaltmağın yolları və BMT Təhlükəsizlik Şurasının münaqişə barəsində qəbul etdiyi 4 qətnamənin tələblərinin yerinə yetirilməsi haqqında danışsaydı çox yaxşı olardı. O, demişdir: “Ermənistan bu gün də öz havadarlarının köməyilə silahlanmanı intensiv şəkildə davam etdirir. Bizi narahat edən bir də odur ki, beynəlxalq ictimaiyyət bu münaqişənin həllinə lazımınca diqqət yetirmir. Yurd-yuvasından qaçqın düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqları tapdanır və Dağlıq Qarabağda yaşayan bir qrup erməni separatçısının mənafeyinə qurban verilir. Onlar dözülməz şəraitdə yaşayırlar. Azərbaycan xalqı bundan artıq gözləyə bilməz. O özü mütləq şəkildə münaqişənin həlli yollarını axtarmağa məcburdur”.
Cənab B.Foll qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, siz Ermənistan-Azərbaycan münaqişəsinin hərbi aspektlərini xarakterizə etdiniz. Avropa İttifaqı onun həllində hərbi qüvvələrin hərəkətə gətirilməsini arzu etməzdi. O, demişdir: “Biz bilirik ki, Azərbaycan xalqı uzun illərdir münaqişənin həllini gözləyir. İnanırıq ki, bu münaqişənin dinc yolla həllinin perspektivləri var. Onun bu yolla həlli hər iki dövlətin xeyrinə olacaqdır. Avropa İttifaqı bu yolda əlindən gələni əsirgəməyəcəkdir”.
Tərəflər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmişlər.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan müstəqilliyinin ilk illərindən öz strategiya xəttini seçmişdir. Bu strategiya Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyadan, Avropa və ABŞ-la əməkdaşlığın sürətlə inkişafından ibarətdir.
O, NATO ilə əməkdaşlıq məsələsinə də toxunaraq demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü ilin may ayında Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (İPAP) NATO-nun Baş Katibinə təqdim etmiş, bu ilin may ayından isə biz bu planın müddəalarını həyata keçirməyə başlamışıq. İPAP proqramının müddəalarını vaxtında yerinə yetirəcəyik.
Cənab B.Foll cavab olaraq bildirmişdir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin inkişaf səviyyəsi çox yüksəkdir. Avropa İttifaqı Azərbaycan dövlətinə xeyri olan hər bir sahədə bu münasibətlərin inkişafına öz yardımını əsirgəməyəcəkdir.
General-polkovnik S.Əbiyev görüş zamanı Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar barədə də qonaqları məlumatlandırmışdır.  
Görüşdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Laurens Bristou iştirak etmişdir.