Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Qərbi Avropa İttifaqı və Parlamentlərarası Avropa Təhlükəsizliyi və Müdafiə Assambleyasının Prezidenti cənab Stef Qorisi və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Avropanın təhlükəsizlik strukturları, o cümlədən NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığa başlamışdır. 2004-cü ilin may ayında Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyev Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını (IPAP) NATO-nun Baş Katibinə təqdim etdikdən və bu ilin may  ayında bu plan təsdiq edildikdən sonra NATO ilə əməkdaşlığın yeni   mərhələsi başlanmışdır.
General-polkovnik S.Əbiyev Azərbaycanın müstəqilliyinin ilk günlərindən işğalçı Ermənistan tərəfindən başlanılan müharibəyə zorla cəlb edildiyi və onun nəticələri haqqında qonağa məlumat vermişdir. O qeyd etmişdir ki, hazırda Azərbaycanda Avropanın bir sıra iri dövlətləri və ABŞ-la birlikdə irimiqyaslı iqtisadi layihələr həyata keçirilir. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi bu lahiyələrin vaxtında gerçəkləşməsinə maneçilik törədir. O, demişdir: “BMT Təhlükəsizlik  Şurasının 4 qətnamə qəbul etməsinə, 1994-cü ildən atəşkəs rejiminin qüvvəyə minməsinə, hazırda iki dövlətin prezidentləri və onların  səlahiyyətli nümayəndələri arasında danışıqların getməsinə baxmayaraq münaqişə öz həllini tapmır. Nəticə yoxdur. Ona görə də Azərbaycan öz  torpaqlarının erməni işğalından azad olunması haqqında yollar axtarmağa məcburdur”.
Cənab S.Qoris qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür  edərək qeyd etmişdir ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunun təhlükəsizliyinə böyük önəm verir. O, demişdir: “Münaqişənin həllində Avropa İttifaqı Parlament Assambleyasının nüfuzunun da az rol oynamayacağını bildiririk. Biz bu münaqişəninin iki dövlətin prezidentləri səviyyəsində həllinə inanırıq. Problemin həllində güc vasitələrindən istifadə edilməməlidir”.
General-polkovnik S.Əbiyev cənab S.Qorisin sualına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda, İraqda isə beynəlxalq antiterror tərkibində fəaliyyət göstərdiyini onun diqqətinə çatdırmışdır.
O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın qoşulduğu Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı NATO ilə fəal əmakdaşlığa şərait yaradır.
Azərbaycanın Müdafiə naziri Cənubi Qafqazda və bütövlükdə Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində cənab S.Qorislə ətraflı fikir mübadiləsi aparmışdır. O, demişdir: “Nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalından azad edilməyib, Qafqaz bölgəsində sabitlik və əmin-amanlıq olmayacaqdır. Münaqişə Azərbaycan dövlətinin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir”.
Cənab S.Qoris cavab olaraq bildirmişdir ki, sizinlə razıyam. Lakin münaqişə tərəfləri balanslaşdırılmış qərar qəbul etməlidirlər.
Görüşün sonunda general-polkovnik S.Əbiyev demişdir: “İnanırıq ki, sizin bölgəyə bu səfərinizdən sonra Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsinin həllinə daha böyük diqqət yetirəcək və döyüş  əməliyyatlarının yenidən başlanmasına ehtiyac qalmayacaqdır”.