Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2005 00:02

Müdafiə Nazirliyinin məlumatı

Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök oktyabrın 6-da Bakıya rəsmi səfərə gəlmişdir.
Heydər Əliyev adına hava limanında onu Azərbaycan Respublikasının Müdafiə naziri Səfər Əbiyev, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Turan Moralı və digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün Müdafiə Nazirliyində ordu generalı H.Özkökün rəsmi qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Silahlı Qüvvələrin Fəxri Qarovulu düzülmüş, Türkiyə Respublikası və Azərbaycan Respublikasının Dövlət himnləri səslənmişdir.
Müdafiə naziri general-polkovnik S.Əbiyev ordu generalı H.Özkökü və nümayəndə heyətini qəbul etmişdir. O, qonağı salamlayaraq qeyd etmişdir ki, son illərdə ölkələrimiz və Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq genişlənmişdir. Bu, xalqlarımızın istəyinin və strateji maraqlarının bir olmasından irəli gəlir.
Azərbaycana güclü ordu lazımdır və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu istiqamətdə öz səylərini durmadan davam etdirir. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı əsasən təlim və təhsil, müdafiə sənayesi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı, Avroatlantika məkanına inteqrasiya və enerji daşıyıcılarının təhlükəsizliyinin təmin edilməsi sahələrini əhatə edir. O, demişdir: “Biz bu il Fərdi Tərəfdaşlığın Fəaliyyat Planını (IPAP) qəbul etmişik və inanırıq ki, onun müddəalarının həyata keçirilməsində Türkiyə öz dəstəyini bizdən əsirgəməyəcəkdir. Biz bu gün Azərbaycan-Türkiyə hərbi əlaqələrinin genişlənməsindən məmnunluq duyuruq”.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq demişdir ki, Azərbaycan bu münaqişəni dinc yolla həll etmək istəyir. Lakin bu səylar bir nəticə verməsə, Silahlı Qüvvələrimiz işğal olunmuş torpaqları azad etmək iqtidarındadır.
Ordu generalı H.Özkök qəbul üçün təşəkkür edərək bildirmişdir ki, biz özümüzü öz yurdumuzda olduğu kimi hiss edirik. Mərhum Heydər Əliyev demişkən biz bir millət, iki dövlətik. Bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızı davam etdirməyə hazırıq. O, demişdir: “Türkiyənin Avropa Birliyinə qəbul edilməsi Cənubi Qafqaz bölgəsinə də öz faydasını verəcəkdir”.
O, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq qeyd etmişdir ki, zaman Azərbaycanın lehinə işləyir. Ermənistan isə iqtisadi baxımdan getdikcə zəifləyir. İnanırıq ki, bu amil Azərbaycana siyasi güc qazandıracaq, münaqişənin həlli üçün münbit şərait yaradılacaqdır. O, demişdir: “Türkiyə də Azərbaycanla əsgəri əməkdaşlığın vəziyyətindən məmnundur. Bu əməkdaşlıq iki qardaş dövlətin mənafeyinə xidmət edir”.
Sonra tərəflər Azərbaycanın və Türkiyənin tarixi köklərinin, mədəniyyətlərinin, dil və din birliyinin gələcək əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar açacağı barədə fikir mübadiləsi etmişlər.
General-polkovnik S.Əbiyev Türkiyənin Avropa Birliyinin daimi üzvülüyünə qəbul olunması üçün müzakirələrin başlanmasına mane olan qüvvələr üzərində qazanılan diplomatik qələbə münasibətilə öz həmkarını təbrik etmişdir. O, demişdir: “Türk xalqı tarix boyu bütün təzyiqləri cəsarətlə dəf etmiş və öz istəyinə nail olmuşdur”.
Ordu generalı H.Özkök onunla razılışaraq qeyd etmişdir ki, biz tarixi köklərimizin birliyini unutmadan iş birliyini davam etdirməliyik.
Görüşün sonunda Cənubi Qafqaz və Orta Şərq regionlarında mövcud olan hərbi-siyasi vəziyyət və Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Turan Moralı iştirak etmişdir.