Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 28-də Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı donanma admiralı Özden Örneyin Azərbaycan Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi olmuşdur.
Qonağın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş və Fəxri Qarovulun rəisi ona raport vermişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev donanma admiralı Özden Örneyi və nümayəndə heyətini qəbul  etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, bu gün Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. Türkiyə Respublikası müstəqilliyini ikinci dəfə qazanmış Azərbaycanı tanıyan ilk dövlət olmuşdur. Başqa cür ola da bilməzdi. Çünki bir millət iki dövlət olan Azərbaycanla Türkiyənin tarixi bir, dili bir və dini birdir. Bu gün Azərbaycanın Türkiyə ilə olan səmimi və çoxşaxəli əlaqələri heç bir dövlətlə olan münasibətlərlə müqayisə edilə bilməz. O, demişdir: “Türkiyə Azərbaycanı bütün sahələrdə, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə həll edilməsində, Azərbaycanın Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyasında və NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindəki fəaliyyətində dəstəkləmişdir.
 Azərbaycanın NATO ilə əlaqələri artıq geniş şəkildə inkişaf etməkdədir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını NATO-nun Baş Katibinə təqdim etmişdir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər il NATO-nun 300-dən artıq tədbirində iştirak edirlər.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı artıq iki dövlətin sərhədinə sığışmır. Bu gün Kosovo və Əfqanıstanda iki qardaş dövlətin Silahlı Qüvvələrinin nümayəndələri çiyin —çiyinə beynəlxalq humanitar missiyanı yerinə yetirirlər. Hər iki dövlətin Hərbi Dəniz Qüvvələrinin əməkdaşlığı  gündən-günə inkişaf edir və digər sahələrdə olduğu kimi burada da Türkiyə Silahlı Qüvvələri öz köməyini bizdən əsirgəmir. Ona görə Türkiyə dövlətinin və onun Silahlı Qüvvələrinin rəhbərliyinə təşəkkür edirəm”. Donanma admiralı Ö.Örnek Azərbaycana gəldiyindən çox şad olduğunu söyləmiş və gəlişinin səbəbini açıqlayaraq qeyd etmişdir ki, səfərimin məqsədi Türkiyə Hərbi Dəniz Qüvvələrinin Azərbaycan Hərbi Dəniz Qüvvələri ilə əlaqələrini genişləndirməkdir. Çünki Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin başlanqıcı Azərbaycan torpağında, sonu isə Türkiyə torpağında olacaqdır. Biz bu qardaşlıq və dostluq iqtisadiyyat kəmərinin təhlükəsizliyini əl-ələ verib təşkil etməliyik.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, Azərbaycan və Türkiyənin siyasi və iqtisadi əlaqələri çox möhkəmdir. O, demişdir: “Bəli, bu il Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri məhsul verəcək, 2006-cı ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanacaqdır. Biz bütün bu işləri birlikdə görməliyik. Boru kəmərlərinin və platformaların təhlükəsizlik məsələlərini birlikdə həll etməliyik. Çünki Türkiyə NATO-nun ən qüdrətli və ən güclü üzvlərindən biridir. Buna görə də bəzən Azərbaycanın bədxahları bu möhtəşəm layihənin gerçəkləşməsinə, maneçilik törətmək istəyirlər. Ona görə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzadılmasına yardım edirlər. Biz bir daha bəyan edirik ki, Azərbaycan bir qarış torpağını da işğalçı Ermənistana verməyəcəkdir”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionu və Xəzəryanı ölkələrdə mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonaqla ətraflı fikir mübadiləsi etmişdir. O, fikrinə yekun vuraraq demişdir: “Biz inanırıq ki, bu iri lahiyələrin gerçəkləşməsində, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllində Türkiyə həmişə bizimlə olacaq, həmişə bizi dəstəkləyəcək və işğalçı Ermənistan dövlətinə öz sərhədlərini açmayacaqdır”.  
Donanma admiralı Ö.Örnek cavab olaraq bildirmişdir ki, Türkiyə dövlətinə edilən təzyiqlərə baxmayaraq biz bu vaxta qədər sərhədlərimizi Ermənistana açmadıq. Ermənilərin bütün çırpınışı bundan ibarət olsa da, bundan sonra da sərhədlərimizi onun üzünə açmayacağıq. Türkiyə ilə Azərbaycanın borcu bir-birinə çiyin-çiyinə dəstək verməkdir.
Sonra tərəflər Azərbaycan-Türkiyə hərbi əlaqələrinin, o cümlədən Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın genişlənməsi haqqında geniş fikir mübadiləsi etmişlər.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Turan Moralı iştirak etmişdir.