Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Mart 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Oklahoma ştatı Milli Qvardiyasının komandanı general-mayor Harri Uaytı qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, bu gün Azərbaycan-Amerika əlaqələri sıx şəkildə inkişaf edir. Bu əlaqələr strateji əhəmiyyətlidir. ABŞ və NATO ilə münasibətlərin əsasını Azərbaycan xalqının ümummilli lideri mərhum Heydər Əliyev qoymuşdur. Azərbaycan bu əlaqələri ən yüksək səviyyəyə çatdırmaq əzmindədir.
Azərbaycan Respublikasınm Prezidenti cənab İlham Əliyev ötən il Fərdi Tərəfdaşlığın Fəaliyyət Planını NATO-nun Baş katibinə təqdim etmişdir.
General-mayor H.Uayt səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, mən ABŞ dövlətinin hərbi nümayəndəsi kimi Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Kosovoda, Əfqanıstanda və İraqda ABŞ qüvvələri ilə birgə xidmət aparmasını yüksək qiymətləndirirəm. Bundan sonra da antiterror koalisiyasında birgə fəaliyyət göstərəcəyimizə inanıram.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, demək olar ki, biz Azərbaycan-ABŞ münasibətlərinin bütün spektrlarını müzakirə etmişik. Hazırda Azərbaycan Silahlı Qüvvələri intensiv inkişaf prosesindədir. Məqsədimiz Silahlı Qüvvələrimizi bütün sahələrdə NATO standartlarına uyğunlaşdırmaqdır.
Sonra general-polkovnik S.Əbiyev müdafiə sahəsində və digər sahələrdə Azərbaycan-Amerika münasibətlərinin inkişafına şərait yaratdığına görə ABŞ-ın dövlət və hərbi rəhbərliyinə öz təşəkkürünü bildirmişdir. O, demişdir: “Güman edirəm ki, gələcəkdə də münasibətlərimiz yüksələn xəttlə inkişaf edəcəkdir”.
General-mayor H.Uayt demişdir ki, Amerika-Azərbaycan əlaqələri haqqında bu fikirləri eşitməkdən çox şadam. Doğrudanda bizim əlaqələrimizin inkişafında hər iki tərəfi qane edən məqamlar çoxdur. Güman edirəm ki, digər proqramlar da möhkəm əsaslar üzərində qurulacaqdır.
Sonra o, qeyd etmişdir ki, müdafiə sahəsində Amerika-Azərbaycan münasibətlərinin inkişafında bizim Oklahoma ştatının təcrübəsini sizinlə bölüşməyə hazırıq. General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonağı məlumatlandıraraq qeyd etmişdir ki, ümumiyyətlə, bu münaqişə Azərbaycanın və regionun inkişafına mənfi təsir göstərir. O, demişdir: “Nə qədər ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır, Azərbaycan onunla heç bir sülhə gedən deyil. Təəssüflə qeyd edirəm ki, bu münaqişənin həllilə məşğul olan ATƏT-in Minsk Qrupu hələlik heç bir müsbət nəticə əldə edə bilməmişdir. İşğal olunmuş Azərbaycan torpaqlarında külli miqdarda silah və sursat toplanmışdır ki, bu da yaxın zamanlarda fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri üçün böyük təhlükədir. Biz bu münaqişənin həllində Minsk Qrupunun Amerikalı həmsədrindən çox şey gözləyirik”.
General-mayor H.Uayt cavab olaraq demişdir ki, sizi narahat edən məsələlərin bəziləri ilə mən də razıyam. Lakin mən təkcə yeni dövrün bizə gətirdiyi narahatlıqlara yox, yeni imkanlara da baxmağı təklif edirəm. O, demişdir: “Deməzdim ki, Dağlıq Qarabağda baş verən hadisələrlə tam tanışam. Lakin 11 sentyabr hadisələrindən sonra bunun nə demək olduğunu dərindən anladıq. Güman edirəm ki, burada aldığım informasiya  birgə maraqlarımızın inkişafına xidmət edəcəkdir”.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, bizim əsas maraqlarımız birdir. Mövcud çətinliklərə baxmayaraq Azərbaycan Respublikası hərtərəfli inkişafını davam edirir. Azərbaycan işğalçı Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarını azad etdikdən sonra daha da inkişaf edəcək, Cənubi Qafqazda aparıcı dövlət olacaqdır. Biz buna inanırıq.  
General-mayor H.Uayt cavab olaraq demişdir: “Yeni dövr bizə həm də yeni imkanlar açacaqdır. Azərbaycan Cənubi Qafqazda aparıcı dövlətə  çevriləcəkdir”.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Reno Harniş iştirak etmişdir.