Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Yanvar 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Merkurios Karafotiası səfirlik missiyasının çatması ilə əlaqədar qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, siz Azərbaycanda səfirlik etdiyiniz dövrdə Azərbaycan-Yunanıstan münasibətləri xeyli inkişaf  etmişdir.
Səfir M.Karafotias səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək bildirmişdir ki, doğrudan da mən səfirlik etdiyim müddət ərzində Yunanıstan-Azərbaycan əlaqələrinin istiqamətində az iş görülməmişdir. Qeyd etmək istəyirəm ki, Yunanıstan Azərbaycanla bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də əməkdaşlıq etmək əzmindədir.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq vurğulamışdır ki, Ermənistan təcavüzkarlıq siyasəti həyata keçirir, işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırma siyasəti aparır və Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmir.
O, demişdir: “Bizi təəccübləndirən dünya ictimaiyyətinin bu vaxta qədər Ermənistanı təcavüzkar dövlət kimi tanımamasıdır. Hər keçən gün müharibənin yenidən başlanması ehtimalını artırır. Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcəkdir”.
Səfir M.Karafotias cavab olaraq  bildirmişdir ki, Yunanıstan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkə prezidentinin və ATƏT-in səylərini dəstəkləyir. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin. Bu bizim qəti mövqeyimizdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev səfir M.Karafotiasa Azərbaycandakı səfirlik fəaliyyətinə görə bir daha təşəkkür etmiş və yeni işində  ona uğurlar arzulamışdır.