Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Mustafa Məhəmməd Nəccar aprelin 19-da Bakıya rəsmi səfərə gəlmişdir.
Həmin gün Azərbaycan Respublikasının Müdafıə Nazirliyində general-mayor Mustafa Məhəmməd Nəccarın təntənəli qarşılanma mərasimi olmuşdur.
General-mayor M.M.Nəccarın şərəfinə Azərbaycan Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Fəxri Qarovulun rəisi ona raport verdikdən sonra İran İslam Respublikası və Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
Sonra Müdafıə naziri general-polkovnik S.Əbiyev general-mayor M.M.Nəccarı qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2005-ci ilin yanvarında İrana rəsmi səfəri və İran İslam Respublikasının Prezidenti cənab Mahmud Əhmədi Nejadın ötən ilin dekabr ayında Naxçıvana işgüzar səfəri münasibətlərimizin genişlənməsinə təkan vermişdir. Sizin bu səfəriniz isə müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafına xidmət edəcəkdir.
Sonra o, Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyətə toxunaraq qeyd etmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda əsas gərginlik mənbəyi və ümumi inkişafı çətinləşdirən başlıca amildir. Ermənistan rəhbərliyinin yeritdiyi siyasət son nəticədə Ermənistanın məhvinə gətirib çıxaracaqdır. O, demişdir: “Biz hesab edirik ki, Azərbaycana qardaş deyən İran dövləti bu münaqişənin ədalətli həllində ona mütləq kömək etməlidir. İki xalqın yaxınlığı bunu deməyə əsas verir”.
General-mayor M.M.Nəccar səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək qeyd etmişdir ki, bizim mədəniyətimiz, dini birliyimiz həmişə inkişafda olmalıdır. Əlaqələrimizin genişlənməsi üçün imkanımız vardır.  
Azərbaycanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Bizim müdafiə qabiliyyətimiz sizin müdafıə qabiliyyətinizdir.
General-mayor M.M.Nəccar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq bildirmişdir ki, İran İslam Respublikası münaqişənin həllində Azərbaycana kömək etməyə hazırdır. Biz Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəyik.
Görüşdə müdafiə sahəsində Azərbaycan-İran əlaqələrinin perspektivləri, regional təhlükəsizlik, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.