Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir. “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” üzrə öhdəliklər yerinə yetirilir. Bizim məqsədimiz Avropa təhlükəsizlik strukturlarına inteqrasiya etməkdir. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişafına maneçilik törədir.
Səmimi qəbula görə Müdafiə nazirinə təşəkkür edən cənab R.Simmons bildirmişdir ki, NATO-Azərbaycan münasibətlərinin perspektivləri böyükdür. “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”nın yerinə yetirilməsi Azərbaycanın müdafiə qabiliyyətinin güclənməsinə təkan verəcəkdir. Azərbaycanın sürətli iqtisadi inkişafı, buna uyğun olaraq müdafiə xərclərinin artması bu proqramın uğurla yerinə yetirilməsinə zəmin yaradır.  
O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq söyləmişdir ki, NATO münaqişənin dinc yolla həllinə tərəfdardır.
General-polkovnik S.Əbiyev cavab olaraq Ermənistanın beynəlxalq hüquq normalarını yerinə yetirmədiyini qonağın nəzərinə çatdırmışdır. O, demişdir: “Beynəlxalq ictimaiyyət bu məsələdə Ermənistana təzyiq göstərməlidir. Əgər münaqişə sülh yolu ilə həll edilməsə Azərbaycan ərazi bütövlüyünü özü bərpa edəcəkdir”.
Görüşün sonunda tərəflər Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO   perspektivləri, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı və digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.