Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Aprel 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti cənab Yakob Kellenbergeri qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra BQXK-nin Azərbaycan nümayəndəliyinin 1992-ci ildən fəaliyyət göstərdiyini, onun Ermənistan-Azərbaycan müharibəsinin gedişində və bu gün də əsir və itkin düşənlərin, o cümlədən girov götürülənlərin axtarışı ilə məşğul olduğunu qeyd etmişdir.
O, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinə toxunaraq bildirmişdir ki, münaqişə başlayarkən burada beynəlxalq humanitar hüququn prinsipləri işləməli idi. Lakin belə olmadı. Məcburi köçkün və qaçqın həyatı sürən, öz doğma yurd-yuvasından didərgin düşən 1milyona yaxın Azərbaycan vətandaşı hələ də ağır vəziyyətdə yaşayır.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan müharibəsinin gedişi zamanı ermənilərin silahlı münaqişələrin hüquq normalarına riayət etmədiklərini xüsusi vurğulamışdır. O, Xocalı faciəsi və onun nəticəsi barəsində qonağa ətraflı məlumat verərək demişdir: “Hər bir beynəlxalq təşkilat, o cümlədən BQXK Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün əlindən gələni etməlidir”.
Səmimi qəbula görə təşəkkür edən cənab Yakob Kellenberger BQXK-nin fəaliyyəti və iş prinsipləri haqqında Müdafiə nazirinə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, BQXK Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ilə əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.
Görüşdə tərəflər əməkdaşlığın gələcək perspektivləri haqqında fikir mübadiləsi aparmışlar.