Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vasili İstratovu qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
Müdafiə naziri qonağı salamladıqdan sonra onu yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycan-Rusiya münasibətlərinin inkişafında uğurlar arzulamışdır.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab V.İstratov qeyd etmişdir ki, mən Azərbaycana səfir təyin edilməyimdən böyük məmnunluq hissi duyuram. İnanıram ki, Rusiya və Azərbaycanın qarşılıqlı münasibətlərinin inkişafına heç nə mane olmayacaqdır.
General-polkovnik S.Əbiyev bildirmişdir ki, Azərbaycan Rusiya ilə bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığını davam etdirir. O, demişdir: “Rusiya bizim tarixi qonşumuzdur. Biz hər vəchlə yaxşı qonşuluq ənənələrini qoruyub saxlamalı və inkişaf etdirməliyik. Təsadüfi deyildir ki, MDB Müdafiə Nazirləri Şurasının 50-ci yubiley iclası bu yaxınlarda Bakıda keçirilmişdir. Bu olduqca faydalı tədbir idi”.
Cənab V.İstratov bildirmişdir ki, Azərbaycan Respublikası bütün sahələrdə Rusiya Federasiyasının tərəfdaşı olmalıdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik. Rusiya Federasiyasının Prezidenti cənab V.Putin və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev də bu istiqamətdə çalışırlar. Biz Azərbaycanla hərbi sahədə də əməkdaşlığımızı   davam etdirəcəyik.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq vurğulamışdır ki, biz münaqişənin həllində həmsədr dövlət kimi Rusiya Federasiyasının öz fəallığını daha da artırmasını arzu edirik. Çünki Rusiya bu münaqişənin tarixini və onun necə başlandığını dərindən bilən dövlətdir.
Cənab V.İstratov cavab olaraq söyləmişdir ki, münaqişə tərəfləri özünü haqlı hesab edəndə həqiqəti tapmaq çox çətindir. Burada güzəştsiz ötüşmək mümkün deyil. O, qeyd etmişdir ki, Cənubi Qafqaz bölgəsində Azərbaycan Rusiya üçün əhəmiyyətli dövlətdir. Rusiya münaqişənin tezliklə həll edilməsinə çalışacaqdır.
Görüş zamanı tərəflər bütün sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri barəsində fikir mübadiləsi etmişlər.