Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Avqustun 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bernar dü Şafonu və missiyasını başa vurmuş hərbi attaşesi polkovnik-leytenant Mark Babünü qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra səfir B.dü Şafo səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir.
Hərbi attaşe polkovnik-leytenant M.Babü öz növbəsində Azərbaycanın Müdafiə nazirinə hərbi attaşe olduğu müddət ərzində gördüyü işlər barəsində məlumat vermiş və uğurlu fəaliyyət göstərməsi üçün yaradılan şəraitə görə ona təşəkkür etmişdir. O, qeyd etmişdir ki, Fransa-Azərbaycan hərbi əməkdaşlığının bundan sonra da uğurla davam etdirilməsinə inanıram.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Fransa Azərbaycan üçün əhəmiyyətli ölkədir. Çünki Fransa Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Biz inanırıq ki, Fransa dövləti bu münaqişənin ədalətli həllinə öz töhfəsini verəcəkdir. Lakin bu gün təəssüf hissilə qeyd edirik ki, münaqişənin həllində Minsk Qrupu həmsədrlərinin fəaliyyəti nəticəsiz qalmışdır. Bir daha qeyd edirəm ki, Azərbaycan öz torpaqlarının işğalçı Ermənistan tərəfindən anneksiyası ilə barışmayacaqdır. Biz 12 ildir aparılan sülh danışıqlarının nəticəsini gözləyirik. Əgər bu danışıqlar bir nəticə verməsə torpaqlarımızı mütləq azad edəcəyik.
Sonra general-polkovnik S.Əbiyev Ermənistan dövlətinin Cənubi Qafqazda yaranması və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri barəsində qonaqlara məlumat vermişdir.
Səfir B.dü Şafo cavab olaraq bildirmişdir ki, Fransa dövləti və onun Prezidenti Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin həllinin tezləşməsinin tərəfdarıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iki dəfə Fransa Prezidenti ilə görüşmüşdür. Bu faktın özü göstərir ki, Fransa dövləti münaqişənin tezliklə həll edilməsinin tərəfdarıdır.
Azərbaycan-Fransa hərbi əməkdaşlığına toxunan general-polkovnik S.Əbiyev demişdir ki, Azerbaycan Fransa ilə hərbi sahədə əməkdaşlığı davam etdirməyə həmişə hazırdır.
Görüşün sonunda Müdafiə naziri Azərbaycanda akkreditə olunmuş hərbi attaşe M.Babünü yeni təyinatı münasibətilə bir daha təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.