Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çjan Xayçjounu qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamladıqdan sonra səfir Ç.Xayçjou sabiq hərbi polkovnik Tszin Çjitsianqın öz missiyasını başa vurması haqqında Müdafiə nazirinə məlumat vermiş və yeni təyin olunmuş hərbi polkovnik Veycian Funu ona təqdim etmişdir.
Müdafiə naziri sabiq hərbi attaşe baş polkovnik T.Çjitsianqın öz vəzifəsini şərəflə yerinə yetirdiyini qeyd edərək ona Azərbaycan-Çin hərbi əlaqələrinin inkişaf etməsində göstərdiyi xidmətlərə görə təşəkkür etmişdir.
Yeni təyin olunmuş hərbi attaşe baş polkovnik Veycian Funu təyinatı münasibətilə təbrik edərək, Azərbaycanla Çin arasında hərbi əməkdaşlığın inkişaf etməsində ona uğurlar arzulamışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan-Çin hərbi əlaqələrinin qənaətbəxş olduğunu qeyd edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin hər iki dövlət üçün zəruri olduğunu söyləmişdir.
Səfir Ç.Xayçjou səmimi sözlərə görə general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir.  
Görüşdə tərəflər hər iki dövlətin mənafeinə xidmət edən digər məsələlər ətrafında fikir mübadiləsi aparmış və general-polkovnik S.Əbiyev qonağı maraqlandıran sualları cavablandırmışdır.