Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı komandanının müavini Uiliam Uordu və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq onları Azərbaycanda mövcud olan hərbi-siyasi vəziyyət və Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması ilə tanış etmişdir. O, qeyd etmişdir ki, bütün bunlara baxmayaraq Azərbaycan iqtisadi cəhətdən inkişaf yollarındadır.
Müdafiə naziri hazırda Azərbaycanda iri iqtisadi layihələrin həyata keçirildiyini qeyd edərək söyləmişdir ki, ən yaxın zamanlarda Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə veriləcəkdir. O, demişdir: “Burada əsas məsələ ondan ibarətdir ki, bu layihələr beynəlxalq mahiyyət daşıyır. Layihələrin gerçəkləşməsində onlarla dövlət, o cümlədən ABŞ iştirak edir. Bütün bu layihələr Azərbaycanın işğalçı Ermənistanla müharibədə olması şəraitində həyata keçirilmişdir. Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması bu layihələrin səmərəli işləməsinə böyük təhlükədir. Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin məşğul olmasına və BMT-nin Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın Silahlı Qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan dövləti onların tələblərini yerinə yetirmir.
General-polkovnik S.Əbiyev Azərbaycan Respublikasının müstəqillik qazandıqdan sonra Avropanın təhlükəsizlik strukturları ilə əməkdaşlığa başladığı, beynəlxalq terrorizmə qarşı koalisiyada iştirak etdiyi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Kosovoda, İraqda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməsi haqqında qonağa məlumat vermişdir.
General U.Uord səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək Azərbaycan dövlətinin antiterror koalisiyasında və Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakına görə Azərbaycan xalqına və dövlətinə təşəkkür etmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycanın ABŞ-la həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq etməsi haqqında qonaqla geniş fikir mübadiləsi etmişdir. O, hazırda NATO ilə əməkdaşlığın Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (IPAP) çərçivəsində davam etdirildiyini və bu planın müddəalarının yerinə yetiriləcəyini xüsusi vurğulamışdır.
Sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının aspektləri ətrafında müfəssəl fikir mübadiləsi etmişlər. Tərəflər əmin olduqlarını bildirmişlər ki, bu əməkdaşlıq iki dövlətin Silahlı Qüvvələri arasındakı münasibətləri daha da dərinləşdirəcək və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasını tezləşdirəcəkdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrin nümayəndələri NATO-nun 4 qərargahında fəaliyyət göstərirlər. İl ərzində 1000 nəfərdən artıq zabitimiz NATO tədbirlərində iştirak edir, həmçinin il ərzində Azərbaycanda NATO-nun 20-dən çox tədbiri keçirilir. Hər il onlarla zabitimiz ABŞ-da ayrı-ayrı kurslarda təhsil alırlar. Bu işdə bizə yardım göstərdiyinə görə ABŞ Silahlı Qüvvələrinin rəhbərliyinə təşəkkür edirəm.
General U.Uord Azərbaycanın NATO və ABŞ-la hərbi əlaqələri barəsində ətraflı məlumat verdiyinə görə general-polkovnik S.Əbiyevə təşəkkür edərək qeyd etmişdir ki, biz əməkdaşlığımızı daha da genişləndirməli, daha da böyük işlər görməliyik.  
O, səfəri zamanı Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələri ilə tanış olduğunu söyləyərək, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesinin uğurla davam etdiyini xüsusi qeyd etmişdir. General U.Uord bu istiqamətdə əllərindən gələn köməyi Azərbaycan Silahlı Qüvvələrinə göstərməyə hazır olduqlarını bir daha bildirmişdir.  
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində külli miqdarda uçotsuz silah və sursat saxlanılmaqdadır. Bu da Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin işğalçı Ermənistan dövləti tərəfindən açıq-aydın pozulması deməkdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət barəsində qonağı məlumatlandıraraq vurğulamışdır ki, Ermənistan bu gün də öz havadarları tərəfindən sürətlə silahlandırılır və bu da münaqişənin həllini yubadır.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi iştirak etmişdir.