Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının direktor müavini – Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəisi vitse admiral Deniz Kutluku və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq qeyd etmişdir ki, biz sizi Azərbaycanın Müdafiə Nazirliyində qəbul etməyimizdən çox şadıq.
 Səmimi qəbul üçün təşəkkür edən vitse admiral D.Kutluk bildirmişdir ki, biz Azərbaycanın NATO ilə sıx əməkdaşlıq formalaşdırmasından çox məmnunuq və inanırıq ki, aparılan bu siyasət daha da təkmilləşəcəkdir.
General-polkovnik S.Əbiyev cavab olaraq qeyd etmişdir ki, biz NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində 1994-cü ildən əməkdaşlıq edirik və 2004-cü ilin may ayından bu əməkdaşlıq Fərdi Tərafdaşlığın Fəaliyyot Planı çərçivəsində davam edir.
Vitse admiral D.Kutluk qeyd etmişdir ki, Azərbaycan zabitləri NATO qərargahlarında çox yaxşı fəaliyyət göstərirlər və öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək söyləmişdir ki, biz NATO üzvü olan bütün dövlətlərlə həm ikitərəfli, həm də “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığımızı davam etdiririk. İnanırıq ki, İPAP-ın bütün müddəalarını vaxtında və tam yerinə yetirəcəyik.
Sonra Müdafiə naziri Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barəsində, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi haqqında qonağa ətraflı məlumat vermiş və münaqişənin həlli yolları barəsində onunla fikir mübadiləsi etmişdir.
Vitse admiral D.Kutluk Azərbaycanın bu münaqişənin həllində yürütdüyü xarici siyasətin çox önəmli olduğunu vurğulamışdır.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, Azərbaycan dövlətinin yeritdiyi xarici siyasətin gücü onun iqtisadiyyatının durmadan inkişaf etməsindədir. Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft-boru kəmərinin işə düşməsi Azərbaycan iqtisadiyyatının inkişafına yeni təkan vermişdir. Bu yaxınlarda isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi planlaşdırılır. O, demişdir: “Bu gün bizim əsas məqsədimiz bu neft və qaz kəmərlərinin təhlükəsizliyini təmin etməkdən ibarətdir”.
General-polkovnik S.Əbiyev fikrini davam etdirərək söyləmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gündən-günə möhkəmlənməsi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsində bizdə böyük inam yaradır.
Görüş zamanı general-polkovnik S.Əbiyev vitse admiral D.Kutluku maraqlandıran suallara cavab vermiş və o, səmimi qəbul üçün Müdafiə nazirinə bir daha öz təşəkkürünü bildirmişdir.