Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin missiyasını başa vurmuş rəhbəri xanım Meri Verntsi və yeni təyin olunmuş rəhbəri cənab Martin Maşeri qəbul etmişdir.
Müdafiə naziri xanım M.Verntsə müraciətlə söyləmişdir ki, siz fəaliyyətinizi layiqincə yerinə yetirmiş və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda planlaşdırdığı tədbirləri nümayəndəlik vaxtlı-vaxtında həyata keçirmişdir. Buna görə sizə təşəkkür edirəm.
Xanım M.Vernts Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin təkliflərinə diqqətlə yanaşıldığına və vaxtında cavab verildiyinə görə Azərbaycan hökumətinə təşəkkür edərək söyləmişdir ki, mən Azərbaycanı nikbin hisslərlə tərk edirəm. Çünki son illərdə Azərbaycanda müsbət dəyişikliklərin baş verdiyinin şahidi olmuşam və bu dəyişikliklərin davam etdiriləcəyinə inanıram. Bu müddət ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Azərbaycan hökuməti arasında münasibətlər daha da yaxşılaşmış və bu günlərdə Bərdə şəhərində BQXK-nin ofisinin açılmasını mən əhəmiyyətli hadisə hesab edirəm.
Xanım M.Vernts Azərbaycandakı fəaliyyəti zamanı ona göstərilən qayğı və köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
O, keçirilən kurslarda Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin fəal iştirak etdiyindən razı qaldığını və gələcəkdə də bu fəaliyyətin uğurla davam etdirəcəyinə inandığını qeyd etmişdir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev xanım M.Verntsi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin yeni rəhbəri cənab M.Maşeri yeni təyinatları münasibətilə bir daha təbrik etmiş və onlara öz fəaliyyətlərində uğurlar arzulamışdır.