Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini cənab Cim Makduqalı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-ABŞ münasibətləri bütün sahələr üzrə yüksələn xəttlə inkişaf etməkdədir. Hərbi sahədə əməkdaşlığımız həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində davam edir. Azərbaycan-ABŞ və NATO ilə əməkdaşlığı vahid əməkdaşlığın tərkib hissələri kimi qiymətləndirir.
Cənab C.Makduqal səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək ABŞ-ın Müdafiə naziri cənab D.Ramsfeldin salamlarını və ən xoş arzularını ona çatdırmış və qeyd etmişdir ki, ABŞ hökuməti və xalqı beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakına görə Azərbaycan hökumətinə və xalqına minnətdardır. O, ABŞ-Azərbaycan əməkdaşlığı perspektivlərinin böyük olduğunu nəzərə çatdırmışdır.
Cənab C.Makduqal Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Vaşinqtona son səfərindən sonra ABŞ-Azərbaycan münasibətlərinin inkişafında daha böyük uğurlar üçün zəmin yarandığını vurğulayaraq qeyd etmişdir ki, biz müdafiə, təhlükəsizlik və iqtisadi sahədə əməkdaşlığımızın daha da təkmilləşməsi ərəfəsindəyik.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişənin həlli məsələsinə toxunaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın söz sahibi olduğunu xüsusi qeyd etmişdir. O, söyləmişdir ki, Azərbaycanın işğal olunmuş torpaqları nə qədər tez azad olsa, Azərbaycan-ABŞ əməkdaşlığı bütün istiqamətlərdə yeni vüsat alacaqdır.
Cənab C.Makduqal Azərbaycan-NATO əməkdaşlığının Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində davam etməsini Azərbaycan üçün böyük uğur adlandırmışdır.
General-polkovnik S.Əbiyev cavab olaraq qeyd etmişdir ki, Azərbaycan tərəfi bu planın bütün müddəalarını vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədir.
Görüş zamanı tərəflər Azərbaycan-ABŞ çoxsahəli əməkdaşlığının müxtəlif aspektləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və hər iki dövlətin mənafeinə uyğun olan digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi iştirak etmişdir.