Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Parlament Assambleyası Gələcək Təhlükəsizlik və Müdafiə İmkanları Alt Komitəsinin Sədri cənab Vahid Ərdəmi və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları səmimi salamlayaraq qeyd etmişdir ki, Azərbaycan NATO ilə 1994-cü ildən Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığa başlamış və 2004-cü ildən isə bu əməkdaşlığı Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (IPAP) əsasında davam etdirir. Azərbaycan bu planın bütün müddəalarını yerinə yetirmək əzmindədir.
General-polkovnik Səfər Əbiyev qonaqları cənubi Qafqaz regionunda mövcud olan hərbi siyasi vəziyyət barəsində məlumatlandıraraq, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması və nəticələri haqqında söhbət açmışdır. O, qeyd etmişdir ki, münaqişənin həlli ilə Minsk qrupunun həmsədr dövlətlərinin məşğul olmasına, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması haqqında dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan dövləti onların müddəalarını yerinə yetirmir. Hələlik münaqişənin həlli istiqamətində heç bir irəliləyiş yoxdur.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan Respublikası dünyanın iqtisadi baxımından sürətli inkişaf edən dövlətləri sırasındadır. Bu yaxınlarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri istismara verilmiş və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə salınması planlaşdırılır.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində külli-miqdarda uçotsuz və nəzarətsiz silah-sursat yerləşdirilməsi bu iri iqtisadi layihələrin həyata keçirilməsinə böyük təhlükədir.
Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO üzvü və tərəfdaş dövlətlərlə sıx əməkdaşlıq edir.
Cənab Vahid Ərdəm səmimi qəbul üçün general-polkovnik Səfər Əbiyevə təşəkkür edərək Azərbaycan Silahlı Qüvvələrinin strukturu, ona ayrılan büdcə və NATO strukturları ilə əməkdaşlığın xarakteri ilə maraqlanmışdır. O, qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etməsi, Azərbaycanın NATO ilə əlaqələrinin düzgün qurulmasına əyani sübutdur.
General-polkovnik S.Əbiyev bildirmişdir ki, bu əlaqələr getdikcə daha da yaxşılaşacaqdır. O, Azərbaycanın NATO üzvü olan ABŞ, Türkiyə Respublikası, Böyük Britaniya və digər dövlətlərlə Sülh Naminə Tərəfdaşlıq Poqramı çərçivəsində və ikitərəfli əməkdaşlığı haqqında NATO Parlament Assambleyası nümayəndə heyətinin üzvlərinə geniş məlumat vermişdir.
General-polkovnik S.Əbiyev görüş zamanı qonaqların çoxsaylı suallarını cavablandırmışdır. O, arzu etmişdir ki, NATO-nun Parlament Assambleyası Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarının tapılmasında fəal iştirak etsin. O, demişdir: “Biz ümidvarıq ki, bu münaqişənin dinc yolla həlli tapılacaqdır. Əgər danışıqlar bir nəticə verməsə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının iradəsi və Azərbaycanın dövlət rəhbərliyinin qərarı ilə torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi istiqamətində öz qəti sözünü deyəcəkdir”.
Cənab Vahid Ərdəm cavab olaraq demişdir: “Biz də ümidvarıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə həlli yolu tapılacaqdır”.
General-polkovnik S.Əbiyev bir daha NATO Parlament Assambleyasının bu istiqamətdə fəallığını artırmasını arzulamışdır.