Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan NATO ilə əməkdaşlığını davam etdirir. “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” üzrə öhdəliklər yerinə yetirilir. Bizim məqsədimiz Avropa təhlükəsizlik strukturlarına inteqrasiya etməkdir. Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişafına maneçilik törədir.
Səmimi qəbula görə general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab R.Simmons “Fərdi Fəaliyyət Planının yerinə yetirilməsində Azərbaycanın əldə etdiyi nailiyyətlərin NATO tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.
O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, NATO münaqişə ilə bağlı prosesləri diqqətlə izləyir. Təəssüf edirik ki, münaqişənin həllində ciddi irəliləyiş baş verməyib.
General-polkovnik S.Əbiyev cavab olaraq NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramının əsas prinsiplərindən birinin dövlətlərin ərazi bütövlüyünə hörmət olduğunu, lakin Ermənistanın SNT proqramının üzvü olmasına baxmayaraq hələ də bu öhdəliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini qonağın nəzərinə çatdırmışdır. O, “Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq göstərməlidir. Əgər münaqişə sülh yolu ilə həll edilməsə Azərbaycan ərazi bütövlüyünü özü bərpa edəcəkdir”.
Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət, Azərbaycan-NATO əlaqələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.