Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Oktyabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzeni qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamlayaraq ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində göstərdiyi səylərə görə cənab M.Brayzeyə və ABŞ hökumətinə təşəkkür etmişdir. Müdafiə naziri təəssüflə qeyd etmişdir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti hələlik müsbət nəticə vermir.
Cənab M.Brayze qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək öz fəaliyyəti barəsində ona məlumat vermiş və bildirmişdir ki, mənim missiyam ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla yanaşı, regiondakı digər münaqişələrin həlli, Avropa enerji təhlükəsizliyi və həmçinin ABŞ-la Azərbaycan arasında dostluq münasibətlərinin  sahələrini əhatə edir.
O, Azərbaycanın ABŞ üçün vacib ölkə olduğunu, siyasi və iqtisadi sahələrdə əldə edilən nailiyyətlərin ABŞ-da yüksək qiymətləndirildiyni qeyd etmiş, Azərbaycan dövlətinin beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı fəal surətdə dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkür etmişdir.
Müdafiə naziri strateji xarakter daşıyan Azərbaycan-ABŞ əlaqələrinin daha da inkişaf etməsinə əsas maneənin Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi olduğunu qonağın nəzərinə çatdırmışdır.
Cənab M.Brayze bildirmişdir ki, beynəlxalq ictimaiyyət münaqişənin danışıqlar yolu ilə həll edilməsi yolunu tutmuşdur.
Müdafiə naziri cavab olaraq qeyd etmişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. O, demişdir: “Ermənistan rəhbərliyi anlamalıdır ki, onların yeritdiyi siyasət Ermənistanı uçuruma aparır. Ermənistan regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda qalmışdır. Azərbaycan Ermənistanın tutduğu destruktiv mövqe, torpaqlarımızın işğal altında saxlanılması və uçotsuz silah-sursatın bu ərazilərdə yerləşdirilməsi vadar edir. Biz bir daha bəyan edirik ki, Azərbaycan torpaqlarının bir qarışını da güzəştə getməyəcəkdir. Münaqişə beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Sülh danışıqları bir nəticə verməsə Azərbaycan özü ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Azərbaycanın bütün sahələrdə Ermənistandan üstün olduğunu qeyd edən cənab M.Brayze Azərbaycanı bir az da səbrli olmağa çağırmışdır.
Sonra tərəflər Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi iştirak etmişdir.