Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Dekabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Respublikasına şəxsi səfərə gəlmiş Bahreyn Krallığının Müdafiə naziri Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəni və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, mən Azərbaycana dost dövlət olan Bahreyn Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşməkdən məmnunam.
Sonra o, Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət və Azərbaycanın Ermənistanla müharibə şəraitində olması barəsində məlumat vermiş, Azərbaycanın iqtisadi inkişafından, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasından söhbət açmışdır.
Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək onu Bahreyn Krallığına rəsmi səfərə dəvət etmişdir.  
Sonra o, Azərbaycanın Bahreyn Krallığının ümummilli mənafeyinə xidmət edən məsələlərdə onu dəstəklədiyinə görə Azərbaycanın dövlət rəhbərliyinə minnətdarlıq etmişdir. İki dövlət arasında hərbi əməkdaşlığa toxunan qonaq demişdir ki, biz bu sahədə sizinlə saziş imzalamaq niyyətindəyik.
General-polkovnik S.Əbiyev onunla həmfikir olduğunu qeyd edərək söyləmişdir: “Azərbaycan bütün qonşu dövlətlərlə sülh şəraitində yaşamağa üstünlük verir, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin də dinc yolla həllinə çalışır. Lakin Ermənistanın destruktiv mövqe tutması münaqişənin həllinə maneçilik törədir. Əgər danışıqlar nəticə verməsə biz torpaqlarımızı müharibə yolu ilə azad edəcəyik”.
O, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri haqqında ətraflı məlumat verərək söyləmişdir ki, Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə onun Silahlı Qüvvələri də möhkəmlənir və biz ordumuzun təchizatını müasir silah, sursat və hərbi texnika ilə gücləndiririk.
Sonra tərəflər Cənubi Qafqaz və Yaxın Şərq regionlarında mövcud olan hərbi-siyasi vəziyyət ətrafında geniş fikir mübadiləsi etmişlər. General-polkovnik S.Əbiyev Azərbaycanın Türkiyə Respublikası, ABŞ və NATO ilə sıx əməkdaşlıq etməsi haqqında qonaqla öz fikirlərini bölüşmüşdür.
Görüşün sonunda Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifə söyləmişdir: “Biz inanırıq ki, Azərbaycan Böyük Allahın köməyi ilə öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bahreyn krallığı dövləti bu məsələdə onu tam şəkildə dəstəkləyir”.