Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Xüsusi Təyinatlı Qüvvələr komandanı korpus generalı Servet Yörükü qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı geniş miqyaslı və çox sahəlidir. Bununla belə arzu edərdim ki, iki dövlət arasında hərbi əməkdaşlıq daha da dərinləşsin. O, demişdir: “Azərbaycanla bütün sahələrdə belə geniş və sıx əməkdaşlıq edən ikinci bir dövlət yoxdur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin istifadəyə verilməsi və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin isə inşa edilməsi gələcəkdə əməkdaşlığımızın daha da uğurlu olacağından xəbər verir”.
Korpus generalı Y.Servet səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş, ilk dəfə Azərbaycana gəldiyindən, tanış olduğu Azərbaycan Silahlı Qüvvələrinin inkişaf səviyyəsindən məmnun qaldığını bildirmişdir.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin hazırda müharibə şəraitində olduğu, onun keçdiyi inkişaf yolu, təminatı və təchizatı haqqında qonaqla geniş fikir mübadiləsi etmişdir.
Korpus generalı Y.Servet Mustafa Kamal Atatürkün məşhur “Bir ordunun dəyəri onun zabitlərinin hazırlıq səviyyəsi ilə qiymətləndirilir” kəlamını yada salaraq Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin hazırlıq səviyyəsi ilə maraqlanmışdır.  
General-polkovnik S.Əbiyev Azərbaycanın dövlət və ordu rəhbərliyinin bu işə, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrində kiçik komandirlərin də hazırlığına xüsusi diqqət yetirdiyini vurğulamışdır. O, qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin döyüş sursatı və hərbi texnika ilə təminatı istiqamətində çox mühüm işlər görülmüşdür. O, demişdir: “Azərbaycan iqtisadiyyatının getdikcə güclənməsi Azərbaycan Silahlı Qüvvələrinin daha da güclənməsi üçün geniş imkanlar açmışdır”.
Görüş zamanı tərəflər hər iki dövlətin xüsusi təyinatlı qüvvələrinin hazırlığı ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Seyhan Ceyhan iştirak etmişdir.