Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Dekabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini cənab Cim Makduqalı və nümayəndə heyətini qəbul etmişdir. Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-ABŞ münasibətləri bütün sahələr üzrə müəyyən edilmiş proqram üzrə həyata keçirilir. Hərbi sahədə əməkdaşlığımız həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində davam edir. Biz hazırda NATO ilə Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə əməkdaşlığımızı davam etdiririk və inanıram ki, bu planın bütün müddəaları həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ABŞ-a və Brüsselə səfərləri zamanı qeyd etmişdir ki, biz ABŞ və NATO ilə əməkdaşlığımızı davamlı sürətdə inkişaf etdirəcəyik.
General-polkovnik S.Əbiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, bu münaqişənin həll edilməməsi Azərbaycan-ABŞ və Azərbaycan-NATO hərbi əməkdaşlığının intensiv şəkildə inkişafına böyük maneədir. O, qeyd etmişdir ki, biz Ermənistanın torpaqlarımızı işğal etməsi faktı ilə heç bir zaman barışmayacağıq. Münaqişə dinc yolla həllini tapmadıqca Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğalçıdan azad etməyə həmişə hazırdır, bundan sonra da hazır olacaqdır və gündən-günə öz döyüş qabiliyyətini artırır.
General-polkovnik S.Əbiyev ABŞ dövlətinin münaqişənin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi öz fəaliyyətini daha da gücləndirməsini arzulamış və demişdir ki, əgər ABŞ bunu etsə münaqişə tezliklə həll edilə bilər. O, “Azadlığı Dəstəkləmə Aktı”na 907-ci düzəlişin qüvvəsinin tam ləğv edilməməsinin də Azərbaycan-ABŞ əməkdaşlığını məhdudlaşdırdığını xüsusi qeyd etmişdir. Müdafiə naziri söyləmişdir: “Çünki ABŞ Prezidenti hər il 907-ci düzəlişin dayandırılmasına yenidən baxır. Bu səbəbdən də biz Azərbaycan-ABŞ əməkdaşlığı haqqında geniş perspektivli proqram tətbiq edə bilmirik”.
Cənab C.Makduqal səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, hazırda ABŞ-Azərbaycan münasibətləri durmadan genişlənməkdədir. O, 907- ci düzəliş haqqında general-polkovnik S.Əbiyevin dedikləri ilə razılaşaraq qeyd etmişdir ki, doğrudan da bu sənədin müddəaları bizim əməkdaşlığımızı məhdudlaşdırır. Buna görə də biz əməkdaşlıq proqramımızı yalnız bir il müddətinə planlaşdırırıq. Prezident Buş qeyd etmişdir ki, o prezidentlik müddətində 907-ci düzəlişin tam ləğvinə nail olacaqdır. Biz də bu fürsətdən istifadə edərək Azərbaycan-ABŞ əməkdaşlığını bütün sahələrdə gücləndirməliyik. Bu platformadan geri çəkilmək ABŞ dövlətinin xeyrinə olmazdı. Biz 907-ci düzəlişin tam ləğvi üçün əlimizdən gələni edirik. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bizim də maraqlarımıza cavab verir. Çünki münaqişənin həlli 907-ci düzəlişin tam qüvvədən düşməsini təmin edəcəkdir. Biz Azərbaycan dövləti ilə daha güclü strateji əməkdaşlıq etməkdə maraqlıyıq.
O, ABŞ-la birlikdə beynəlxalq terrorizmə qarşı mübarizədə və  sülhməramlı əməliyyatlarda iştirakına görə Azərbaycan dövlətinin və Silahlı Qüvvələrin rəhbərliyinə təşəkkür etmişdir. O, qeyd etmişdir ki, biz bundan sonra daha da geniş əməkdaşlıq fəaliyyətinə başlayacağıq.
Görüş zamanı tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dorsi, Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor Harri Vyatt və ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Strateji Planlaşdırma və qiymətləndirmə idarəsinin direktor müavini briqada generalı Merlin Spiz iştirak etmişlər.