Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Jandarma Komandanı ordu generalı İşıq Koşaneri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan və Türkiyə xalqları haqqında dediyi məşhur “bir millət, iki dövlət” hikmətli sözlərini yada salaraq vurğulamışdır ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə Respublikası həmişə onun yanında olmuşdur.
O, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında və bu günkü səviyyəyə çatdırılmasında Türkiyə Silahlı Qüvvələrinin öz yardımını əsirgəmədiyini xüsusi qeyd etmiş və buna görə Türkiyə Respublikasının dövlət və ordu rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi barəsində ordu generalı İ.Koşanerlə ətraflı fikir mübadiləsi etmişdir. O, işğalçılıq siyasəti aparmaqda Ermənistana yardım edən qüvvələrə bir daha xatırlatmışdır ki, bu  bəşəriyyət əleyhinə aparılan siyasətdir, Avropada və bütövlükdə dünyada sülhə və əmin-amanlığa təhdid olan böyük təhlükədir. Nəticədə Ermənistanın bu siyasəti uğursuzluğa düçar olacaqdır.  
Müdafiə naziri fikrini tamamlayaraq bildirmişdir ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı bundan sonra daha da güclənməlidir və bunun üçün artıq dayanaqlı, münbit zəmin mövcuddur.
Ordu generalı İ.Koşaner səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və üçüncü dəfə Bakıya səfər etdiyindən çox məmnun qaldığını qeyd etmişdir. O, demişdir: “Elə başlanğıcdan Türkiyə Azərbaycanın yanındadır və bundan sonra da olacaqdır”.
Ordu generalı Azərbaycanla Türkiyə arasında hərbi, siyasi və iqtisadi əlaqələrə toxunaraq qeyd etmişdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istismara verilməsi bölgənin strateji əhəmiyyətini artırmışdır. Bu da onun mühafizəsini təşkil etmək üçün bizim daha da hazırlıqlı olmağımızı tələb edir. O, demişdir: “İşğalçı Ermənistan Azərbaycan torpaqlarından getməyincə Türkiyənin onunla heç bir əlaqəsi mümkün ola bilməz”.
Görüşdə tərəflər iki dövlət arasında hərbi əməkdaşlığın daha da möhkəmlənməsinin bu günün tələbi olduğu qənaətinə gəlmişlər.