Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan dərhal sonra Avropanın təhlükəsizlik strukturları ilə fəal əməkdaşlığa başlayıb. Bu prosesə mane olmaq məqsədilə bəzi dövlətlərin səyi ilə süni sürətdə Ermənistan-Azərbaycan münaqişəsi yaradılmışdır.
Sonra general-polkovnik S.Əbiyev Ermənistanla müharibə şəraitində olmasına baxmayaraq Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etməsindən və Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vəziyyətindən söhbət açmış, Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında qonaqla geniş fikir mübadiləsi aparmışdır.
Cənab P.Semnebi səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək Azərbaycanda qaçqınlar probleminin olduğunu söyləmişdir. O, qeyd etmişdir ki, Avropa İttifaqı bu problemin həllinə dərindən nüfuz edəcəkdir. Avropa İttifaqı bütün münaqişələrin yalnız sülh yolu ilə həllini təklif edir. Biz münaqişə tərəfləri arasında qarşılıqlı inamın yaradılmasının tərəfdarıyıq. O, demişdir: “Ermənistan Azərbaycana hərbi müdaxilə etdiyinin neqativ nəticələrini hiss edir. O bunu regiondakı iqtisadi layihələrdən kənarda qalmasının əsas səbəbi kimi qəbul edir”.
General-polkovnik S.Əbiyev cavab olaraq bildirmişdir ki, Ermənistan bir tərəfdən Azərbaycan torpaqlarını işğal edib, o biri tərəfdən isə Azərbaycanla qarşılıqlı inam yaratmaq istəyir. Biz onlara inanmırıq. Ermənistan qarşılıqlı inam yaratmaq istəyirsə, tezliklə öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmalı, qaçqın və köçkünlər öz yurd-yuvalarına qayıtmalı, işğal olunmuş ərazilərdə infrastruktur bərpa olunmalıdır. Bundan sonra iki dövlət arasında qarşılıqlı inam yarana bilər. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.
Müdafiə naziri Azərbaycan-NATO əlaqələrindən söhbət açaraq bildirmişdir ki, bu əməkdaşlıq Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində davam edir. Azərbaycan bütün dövlətlərlə münasibətlərində beynəlxalq hüquq normalarının və qanunlarının tələblərini yerinə yetirir. Bunu Ermənistan dövlətindən də tələb etmək lazımdır.
Cənab P.Semnebi açıq söhbət üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və bir daha bu münaqişənin dinc yolla həllini arzulamışdır.
General-polkovnik S.Əbiyev görüşün sonunda Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişənin həllində əlindən gələni edəcəyinə öz inamını izhar etmişdir.