Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Şerali Xayrulloyev Bakıda rəsmi səfərdədir.
Onun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Fəxri Xiyabanda ümummilli lider H.Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymuşdur.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində Tacikistan Müdafiə nazirinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş, hər iki dövlətin himni səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev general-polkovnik Ş.Xayrulloyevi və nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti cənab Emomali Rahmanovla ötən ilin dekabrında görüşü zamanı hər iki dövlət arasında əməkdaşlığın inkişaf etdirilməsinin zərurəti vurğulanmışdır. Sizin səfəriniz bu istiqamətdə irəliyə doğru atılmış addımdır.
Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan vəziyyətə toxunaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfdən işğal edilməsi, Ermənistanda külli miqdarda silah və hərbi texnikanın cəmləşdirilməsi və sonradan bu silahların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsini qonağın diqqətinə çatdırmışdır.
Səmimi qəbul üçün təşəkkür edən general-polkovnik Ş.Xayrulloyev bildirmişdir ki, bu səfər iki dövlət arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Görüşdə Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət, hər iki ölkənin Silahlı Qüvvələrində gedən proseslər, hərbi sahədə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmış, beynəlxalq terrorizm, regionda mövcud olan aqressiv separatizm pislənilmiş, eləcə də ölkələrimizin təhlükəsizliyini təhdid edən belə təzahürlərlə mübarizədə birgə şeylərin zəruri olduğu vurğulanmışdır. Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.
Sənədi Azərbaycan Respublikası tərəfdən general-polkovnik S.Əbiyev, Tacikistan Respublikası tərəfdən isə general-polkovnik Ş.Xayrulloyev imzalamışlar.
Sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmiş, nazirlər jurnalistləri maraqlandıran suallara cavab vermişlər.