İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini general-polkovnik Nəcməddin Sadıqov Litva Respublikası Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi briqada generalı Vitalius Vaiksnoras ilə görüşmüşdür.
Görüşdə hər iki ölkədə Silahlı Qüvvələr quruculuğunun gedişi, hərbi sahədə əməkdaşlığın inkişafı, Avropa təhlükəsizlik strukturlarına inteqrasiya, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak, Cənubi Qafqaz və Baltik regionlarında mövcud olan hərbi-siyasi vəziyyət, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.