Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının komandanı general Norton Şvartsı və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropanın təhlükəsizlik strukturlarına inteqrasiya, o cümlədən NATO və ABŞ ilə ikitərəfli əməkdaşlıq istiqamətində fəaliyyətə başlamışdır. Qeyd etməliyəm ki, bu əməkdaşlıq çox istiqamətlidir.
General-polkovnik S.Əbiyev söyləmişdir ki, bu günlərdə Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəmərinin açılışı olacaqdır. Bu mühüm iqtisadi layihənin həyata keçməsi ABŞ-ın iştirakı olmadan heç cür mümkün olmazdı. BTC və digər iqtisadi layihələrin gerçəkləşməsi Azərbaycan iqtisadiyyatının sürətlə inkişafına səbəb olmuş, bu da Azərbaycan xalqının maddi rifahını daha da yaxşılaşdıracaqdır. O, demişdir: “Azərbaycan torpaqlarının 20 faizinin işğalçı Ermənistan dövləti tərəfindən zəbt olunması şəraitində Azərbaycan iqtisadiyyatının yüksəlişi Azərbaycan dövlətinin müstəqil siyasət yeritdiyinə dəlalət edir”.
O, fikrinə davam edərək bildirmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına ATƏT tərəfindən səy göstərilməsinə baxmayaraq təəssüflər olsun ki, hələ də bir nəticə əldə edilməmişdir. ABŞ dövlətinin də həmsədr olduğunu nəzərə alaraq arzu edərdim ki, bu istiqamətdə fəallıq daha da artırılsın və münaqişə beynəlxalq hüquq normaları əsasında ədalətli şəkildə öz həllini tapsın”.
General-polkovnik S.Əbiyev sonra qeyd etmişdir ki, Azərbaycan ABŞ-la hərbi sahədə ardıcıl və planlı şəkildə əməkdaşlıq edir. Son zamanlar bu əməkdaşlığın daha da fəallaşdığını qeyd edən Müdafiə naziri vurğulamışdır ki, ABŞ-la hərbi sahədə əməkdaşlıq əsasən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində davam etdirilir.
General N.Şvarts səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəmərinin istismara başlaması münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O, bu layihənin bütün tərəflərə fayda verəcəyini vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ABŞ Silahlı Qüvvələrinin ən qabacıl və seçmə bölmələri ilə əməkdaşlıq edir.
General N.Şvarts bu hərbi əməkdaşlığın daha da gücləndirilməsi üçün şərait yaratdığına və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Əfqanıstanda və İraqda beynəlxalq antiterror koalisiyasında iştirakına görə Azərbaycanın dövlət rəhbərliyinə minnətdarlıq etmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət barədə qonağa məlumat verdikdən sonra tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab Ceyson Haylend iştirak etmişdir.