Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyun 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök iyunun 29-da Azərbaycana rəsmi səfərə gəlmişdir.
Ordu generalı H.Özkök rəsmi səfərinə Fəxri Xiyabanda ümummilli lider H.Əliyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində ordu generalı H.Özkökün təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüş, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət himnləri səslənmişdir.
Müdafiə naziri general-polkovnik S.Əbiyev ordu generalı H.Özkökü və nümayəndə heyətini qəbul etmişdir.
Əvvəlcə general-polkovnik S.Əbiyev ordu generalı H.Özköklə təkbətək görüşmüş, sonra isə nümayəndə heyətini geniş tərkibdə qəbul etmişdir.
General-polkovnik S.Əbiyev nümayəndə heyətini salamlayaraq qeyd etmişdir ki, Silahlı Qüvvələrimiz arasında mövcud olan işgüzar əməkdaşlıq gündən-günə genişlənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin göstəricilərindən biridir. İki qardaş xalqın arzu və istəklərindən irəli gələn və strateji maraqlara cavab verən əməkdaşlığın bu səviyyəyə çatmasında Sizin böyük əməyiniz vardır. Siz Azərbaycan xalqı və Silahlı Qüvvələri qarşısında əvəzsiz xidmət göstərmisiniz. Elə buna görə də, Azərbaycan dövlətinin Prezidenti möhtərəm İlham Əliyev bu xidmətinizi yüksək qiymətləndirmiş və Sizi yüksək dövlət mükafatı olan “Şöhrət” Ordeni ilə təltif etmişdir. Sizi bu əlamətdar hadisə münasibətilə ürəkdən təbrik edirəm, Sizə cansağlığı və gələcək işlərinizdə böyük uğurlar arzulayıram.
Bildiyiniz kimi, müstəqilliyini qazandığı gündən Azərbaycan xalqı ciddi sınaqlarla qarşılaşmışdır. Bu sınaqların aradan qaldırılması və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində, xüsusilə də Milli Ordu quruculuğunda biz həmişə Türkiyə Respublikasının, türk xalqının köməyini, qardaş yardımını yaxından hiss etmişik. Biz ölkəmizə qarşı təcavüzkarlıq siyasəti yürüdən Ermənistanın qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı Türkiyənin beynəlxalq aləmdə nümayiş etdirdiyi qəti mövqeyə görə, Azərbaycanın haqq işini daim müdafiə etdiyinə görə Sizə və qardaş türk xalqına öz minnətdarlığımızı bildiririk. Bu mövqe öz müstəqilliyini möhkəmləndirməsi və regionda lider dövlətə çevrilməsi istiqamətində Azərbaycana böyük dəstəkdir.
Azərbaycan Respublikası NATO ilə əməkdaşlığını durmadan genişləndirir, Avro-Atlantik məkanına uğurla inteqrasiya edir, qloballaşan dünyada öz layiqli yerini tutmağa çalışır. Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılmasında, ən müasir tələblərə cavab verməsi istiqamətindəki fəaliyyətlərdə Türkiyənin dəstəyi əvəzsizdir. Xüsusilə Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi bizim üçün çox faydalıdır.
Sizi bir daha Azərbaycan topağında salamlayır və yüksək mükafat münasibətilə ürəkdən təbrik edirəm.
Ordu generalı H.Özkök səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək "Şöhrət” Ordeni ilə mükafatlandırıldığına görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə öz minnətdarlığını bildirmişdir. O, demişdir: "Bu mükafat bütün Türkiyə Silahlı Qüvvələrinə aiddir”.
Ordu generalı H.Özkök söyləmişdir ki, Türkiyə Silahlı Qüvvələri bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün əlindən gələni edəcəkdir. Türkiyə xalqı bu yardımı dəstəkləyir. O, demişdir: "Biz inanırıq ki, Azərbaycan Respublikası daha da inkişaf edəcək, öz müstəqilliyini möhkəmləndirəcəkdir. Sizin uğurlarınız bizim uğurlarımızdır. Bizim işbirliyimiz bundan sonra da davam edəcək, ikitərəfli münasibətlərimiz daha güclənəcəkdir. Türkiyə Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinə öz yardımını davam etdirəcəkdir”.
General-polkovnik S.Əbiyev ordu generalı H.Özkökə səmimi sözlərə görə təşəkkür edərək bildirmişdir ki, biz hesab edirik ki, Türkiyə Respublikası türk dünyasının lider dövlətidir. Türk xalqının Azərbaycan xalqına göstərdiyi daimi yardıma görə Türkiyə dövlətinin rəhbərliyinə təşəkkür edən general-polkovnik S.Əbiyev bildirmişdir ki, Azərbaycan Respublikası həmişə Türkiyə ilə bir olacaqdır. O, demişdir: "Biz həmişə birlikdə olmuşuq, bu gün də birlikdəyik və bundan sonra da bir olacayıq. Bizim yolumuz birdir. Tariximiz, dilimiz və dinimiz birdir”.
General-polkovnik S.Əbiyev fikrinə davam edərək vurğulamışdır ki, bu gün Türkiyə Respublikası dünyanın ən inkişaf etmiş dövlətlərindən biridir. Mən Türkiyəyə rəsmi səfərlərim zamanı onun bir çox sənaye obyektlərində, o cümlədən hərbi- sənaye obyektlərində olmuşam. Türkiyənin bu sahədə nə qədər inkişaf etdiyinin şahidiyəm. Ordu generalı H.Özkök cavab olaraq bildirmişdir, biz inanırıq ki, böyük iqtisadi potensiala malik olan Azərbaycan dövləti də ən yaxın zamanda inkişaf edərək bu səviyyəyə çatacaqdır. O, demişdir: "Biz sizin dostunuzuq və bu sahədə təcrübəmizi sizinlə həmişə bölüşməyə hazırıq”.
Sonra tərəflər hər iki dövlətin maraqlarına xidmət edən ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi etmişlər.