Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev faşizm üzərində qələbənin 61-ci ildönümü münasibətilə bir qrup veteranı qəbul etmişdir.
Müdafiə naziri veteranları təbrik edərək qeyd etmişdir ki, tarixi Qələbənin qazanılmasında Azərbaycan xalqının böyük rolu olmuşdur. Həmvətənlərimiz istər ön cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişlər. Azərbaycanda yaradılan milli diviziyalar şərəfli döyüş yolu keçmiş, 143 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 44 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
General-polkovnik S.Əbiyev veteranlara dövlət qayğısından söhbət açaraq bildirmişdir ki, bu işdə ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri vardır. 9 may Qələbə gününün Azərbaycanın yeni tarixinə də dövlət bayramı kimi daxil olması məhz onun qəbul etdiyi müdrik qərarın təntənəsidir.
Sonra Müdafiə naziri veteranların şəxsi fədakarlığının və Azərbaycan milli diviziyalarının qəhrəmanlıq tarixinin bu günkü ordu gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynadığını xüsusilə vurğulamışdır.
O, veteranları Azərbaycan Silahlı Qüvvələrinin inkişafı haqqında məlumatlandırmış və əmin olduğunu bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birgə səylərimiz öz bəhrəsini verəcək, dövlətimizin ərazi bütövlüyü bərpa olunacaqdır.
Azərbaycan Respublikası Müharibə, əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Baloğlan Rüstəmov veteranlar adından çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını ifadə etmişdir.  
Görüşün sonunda general-polkovnik S.Əbiyev veteranların hər birinə cansağlığı və uzun ömür arzulamış, onlara hədiyyələr təqdim etmişdir.