Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yanvarın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı komandanının müavini -general Çarlz Uoldu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində davam etdirilir. O, demişdir: “Hazırda Azərbaycan NATO ilə əməkdaşlığını Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (IPAP) uyğun yerinə yetirir”.
General Ç.Uold Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində nailiyyətlər əldə etməsini vurğulamış və qeyd etmişdir ki, “İPAP proqramının uğurla yerinə yetirilməsi Azərbaycanı NATO-ya daha da yaxınlaşdıracaq”.
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri haqqında general Ç.Uoldla fikir mübadiləsi etmişdir.
O, demişdir: “Münaqişənin həll edilməməsi regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbidir. Azərbaycan bu münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir və əlda etdiyi qeyri-qanuni silah-sursatı işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir. Ermənistan beynəlxalq hüquq normalarına riayyət etməli və işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaltmalıdır. Dünya ictimaiyyəti onu buna məcbur etməlidir. Əgər belə olmasa bu, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxara bilər”.
 General Ç.Uold cavab olaraq söyləmişdir ki, bu məsələnin diplomatik yolla həll edilməsi hər iki dövlətin xeyrinə olardı. ABŞ münaqişənin həlli istiqamətində səylərini artırır.
Görüşün sonunda tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının gələcək perspektivləri haqqında fikir mübadiləsi etmişlər.