Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Yanvar 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Rusiya Federasiyası Baş nazirinin müavini – Müdafiə naziri Sergey İvanov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə yanvarın 23-də Bakıya rəsmi səfərə gəlmişdir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu general-polkovnik Səfər Əbiyev və digər rəsmi şəxslər qarşılamışlar.
Cənab S.İvanov rəsmi səfərinə yanvarın 24-də Fəxri Xiyabanda Ümummilli lider H.Ə1iyevin məzarı və Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır.
Yanvarın 24-də Azərbaycan Respublikası Müdafiə Nazirliyində cənab S.İvanovun təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev cənab S.İvanovu qəbul etmişdir. Əvvəlcə Müdafiə nazirləri təkbətək, sonra isə tərəflərin nümayəndə heyətləri geniş tərkibdə görüşmüşlər.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Rusiya ilə bütün sahələrda uğurla inkişaf edən, ölkələrimizin sərhədlərinin bütövlüyü və toxunulmazlığının qorunması, həmçinin Qafqazda sülhün və sabitliyin təmin edilməsinə istiqamətlənmiş əməkdaşlığa böyük əhəmiyyət verir. Ümid edirəm ki, sizin bu səfəriniz ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etməsinə təkan verəcəkdir.
Səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edən cənab S.İvanov bildirmişdir ki, son dövrdə Rusiya və Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Buna sübut kimi 2006-cı ilin Azərbaycanda Rusiya Federasiyası ili kimi qeyd olunmasını vurğulamaq istərdim.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətə toxunaraq qeyd etmişdir ki, Ermənistan Respublikasının işğalçılıq siyasəti neticəsində bölgədə mürəkkəb və gərgin vəziyyət qalmaqdadır. Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində külli miqdarda hərbi texnikanın, silah və sursatın toplanması, Gürcüstanda yerləşən Rusiya hərbi bazalarından çıxarılan əmlakın Ermənistan ərazisində yerləşdirilməsi və Rusiya-Ermənistan birgə təlimlərinin keçirilməsi bizi çox narahat edir.
Sonra o, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində bütün infrastrukturun dağıdıldığını, məhv edildiyini və bu nəzarətsiz bölgədən qeyri-qanuni məqsədlər üçün istifadə edildiyini qonağın nəzərinə çatdırmışdır. O, demişdir: “Ermənistan buna görə cavab verəcəkdir. Əgər Ermənistan beynəlxalq hüquq normalarına riayət edərək, işğal olunmuş əraziləri boşaltmasa Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində müvafiq addımlar atacaqdır.
O, fikrinə davam edərək demişdir: “Təəssüf edirəm ki, bu günə kimi Müstəqil Dövlətlər Birliyi Ermənistanın işğalçı dövlət olduğuna münasibət bildirməmiş, Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində əməli addımlar atmamışdır. Ümid edirəm ki, Rusiya Federasiyası bu problemin həlli yolunda səylərini artıracaqdır”.
Öz növbəsində cənab S.İvanov bildirmişdir ki, Rusiya münaqişənin həllində birtərəfli mövqe tutmur, bu istiqamətdə səylərini artırır. Siz qısa müddətdə bunun şahidi olacaqsınız.
Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik, terrorizm, ikitərəfli hərbi əməkdaşlığın istiqamətləri, hərbi kadrların hazırlanması sahəsində gələcək əməkdaşlıq, “Dəryal” Analitik İnformasiya Mərkəzinin fəaliyyəti (Qəbələ RLS) və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə geniş fikir mübadiləsi aparmışlar.
Görüşün sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir. Nazirlər jurnalistləri maraqlandıran suallara cavab vermişlər.