Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyul 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Gürcüstanın Müdafiə naziri cənab David Kezerayili iyulun 12-də Azərbaycana rəsmi səfərə gəlmişdir.
O, bu səfərinə iyulun 13-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda həlak olanların xatirə abidəsi önünə əklillər qoymaqla başlamışdır.
Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyində cənab D.Kezerayilinin təntənəli qarşılanma mərasimi olmuşdur. Qonağın şərəfinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Fəxri Qarovulu düzülmüşdür. Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənmişdir.
Sonra Müdafiə naziri general-polkovnik S.Əbiyev cənab D.Kezerayilini və nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycanın Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı strateji xarakter daşıyır, biz bütün beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış edirik. Problemlərimiz oxşardır. Ona görə də əlaqələrimizi daha da genişləndirməli, regionda təhlükəsizliyin qorunması və dövlətlərimizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində səylərimizi daim birləşdirməliyik. O, Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq qeyd etmişdir ki, məsələnin ATƏT-in Minsk Qrupu çərçivəsində həll edilməsi barədə danışıqlar davam etdiyi üçün biz problemin dinc yolla həllinə üstünlük veririk. Lakin sülh danışıqları sonsuz davam edə bilməz. Ermənistan bundan nəticə çıxarmalı və beynəlxalq hüquq normalarma riayət edərək işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır. Əks təqdirdə Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəkdir.
General-polkovnik S.Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlara  cavab verdiyi və orduda islahatların ardıcıl davam etdiriliməsi barədə danışmışdır.
Səmimi qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür edən cənab D.Kezerayili qeyd etmişdir ki, hər iki dövlətin Müdafiə Nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın aparılması ölkələrimizin ümumi mənafeyinə xidmət edir.
Görüşdə nazirlər Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar.