Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi cənab Piter Rodmanı və nümayəndə heyətini qəbul etmişdir.
Cənab P.Rodman səmimi qəbul üçün Azərbaycanın müdafiə nazirinə təşəkkür etmişdir.
Görüş zamanı Azərbaycan-ABŞ və Azərbaycan-NATO münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
General-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə qonaqları tanış etmiş, Ermənistanın işğalçılıq siyasətini davam etdirərək Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın Prezidenti ilə apardığı danışıqların və münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinin heç bir nəticə vermədiyini qonaqların nəzərinə çatdırmışdır. O, qeyd etmişdir ki, bizə elə gəlir ki, bütün beynəlxalq hüquq normalarını pozan və Azərbaycan torpaqlarını zəbt edən işğalçı Ermənistan dövlətindən işğal etdiyi torpaqları boşaltmağı qətiyyətlə tələb etmək vaxtıdır.
Cənab P.Rodman cavab olaraq söyləmişdir ki, ABŞ dövləti Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir.
Görüşün sonunda general-polkovnik S.Əbiyev münaqişənin həlli istiqamətində ABŞ dövlətinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi öz fəallığını artırmasını arzu etmişdir.
Görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi iştirak etmişdir.