Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2007 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Republikasının Hərbi Akademiyalar komandanının müavini korpus generalı Selahattin Uğurlunu və nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq Türkiyə Silahlı Qüvvələri nümayəndə heyətlərinin Azərbaycana tez-tez səfər etməsindən məmnun olduğunu bildirmişdir. Sonra o, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri və həlli prosesinin gedişi barəsində qonaqları məlumatlandırmışdır. O, qeyd etmişdir ki, 1994-cü ildən atəşkəs rejiminin saxlanmasına baxmayaraq, Ermənistanın destruktiv mövqeyi üzündən bu münaqişə öz həllini tapa bilmir. Çünki işğalçı Ermənistan dövləti Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal etdiyi 7 rayonunu ilhaq etmək niyyətindədir. O, demişdir: “Lakin Ermənistan heç vaxt bu niyyətinə çata bilməyəcəkdir. Azərbaycan Silahlı Qüvvələri bu gün torpaqlarımızı Ermənistanın işğalçı qüvvələrindən təmizləməyə hazırdır”.
Sonra o, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişafına toxunmuş, işğalçı Ermənistanın isə bütün regional layihələrindən kənarda qalaraq iqtisadi baxımdan öz inkişafına ağır zərbə vurduğundan bəhs etmişdir.
General-polkovnik S.Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyətin gərgin olduğunu açıqlayaraq, burada işğalçı Ermənistan dövlətinin xüsusi rol oynadığını vurğulamışdır. O, qeyd etmişdir ki, bizim ümumi düşmənimizə qarşı daha da güclü olmağımız üçün iqtisadi və digər sahələrdə bərabər inkişafımız zamanın tələbidir.
General-polkovnik S.Əbiyev Azərbaycanın Avro-Atlantik məkana intensiv inteqrasiya etməsi, NATO ilə əməkdaşlığını “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində davam etdirməsi və Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uğurla keçməsi haqqında nümayəndə heyətinə məlumat vermişdir.
Müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin əhəmiyyətli rol oynadığını vurğulayaraq Türkiyənin dövlət və Silahlı Qüvvələr rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
Korpus generalı S.Uğurlu səmimi qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür etmiş və Azərbaycan Silahlı Qüvvələrinin ötən illər ilə müqayisədə böyük uğurlara nail olduğunu bildirmişdir. O, demişdir: “Biz çox gərgin bir bölgədə yaşayan Azərbaycan dövləti Silahlı Qüvvələrinin inkişafının daha da yüksək səviyyəyə çatacağına inanırıq. Çünki ordunun gücü həmin dövlətin iqtisadiyyatının gücü ilə ölçülür. Azərbaycanın iqtisadiyyatı isə yüksək sürətlə inkişaf etməkdədir”.
Görüş zamanı tərəflər müdafiə sahəsində Azərbaycan-Türkiyə münasibətləri haqqında geniş fikir mübadiləsi aparmış və vurğulmışlar ki, bütün problemlərin həllində Azərbaycan və Türkiyə çiyin-çiyinə dayanmalıdır.
General-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Seyhan Ceyhan iştirak etmişdir.