Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

ABŞ Silahlı Qüvvələrinin ildönümü münasibətilə ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dörsi öz iqamətgahında ziyafət təşkil etmişdir. Rəsmi hissədə Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev çıxış etmişdir.

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK SƏFƏR ƏBİYEVİN ÇIXIŞI

Hörmətli səfir, xanım Enn Dörsi!
Hörmətli xanımlar və cənablar!
Hörmətli generallar və zabitlər!
Sizi Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti adından və şəxsən öz adımdan təbrik edir, Amerika xalqına, onun Silahlı Qüvvələrinin şəxsi heyətinə öz müqəddəs vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayıram.
Xalqımız müstəqillik qazandıqdan sonra Azərbaycan Amerika Birlaşmiş Ştatları ilə birgə beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşulan ilk dövlətlərdən biri olmuşdur. Hazırda Azərbaycan əsgərləri Amerika əsgəriləri ilə İraqda, Əfqanıstanda və Kosovoda beynəlxalq terrorizmə qarşı mübarizədə və sülhyaratma əməliyyatlarında çiyin-çiyinə fəaliyyət göstərirlər.
Hörmətli mərasim iştirakçıları!
Mən bunu da qeyd etməyi vacib hesab edirəm ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında hərbi əməkdaşlığın əsası 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Vaşinqtona ilk səfəri zamanı Amerika Birləşmiş Ştatlarının o zamanki Müdafiə naziri cənab Uilyam Koenlə birgə bəyanatı ilə qoyulmuşdur.
Zaman keçdikcə bu əməkdaşlıq ardıcıl surətdə inkişaf etdirilmiş və bugünki səviyyəyə çatdırılmışdır.
Hər il Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayandə heyətləri ardıcıl surətdə Bakıya rəsmi səfərlərə gəlir, Azərbaycan-Amerika hərbi əməkdaşlığı planlı surətdə inkişaf etdirilir.
Qeyd etməliyəm ki, Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin mövcudluğu digər sahələrdə olduğu kimi, Azərbaycan-Amerika hərbi əməkdaşlığının intensiv şəkildə inkişafına da ciddi məhdudiyyətlər qoymuşdur.
Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Corc Buşun 907-ci düzəlişin təsirinin məhdudlaşdırılması haqqında hər il qərar qəbul etməsi Azərbaycan-Amerika hərbi əməkdaşlığının inkişafına müsbət təsir göstərmişdir. Hazırda Azərbaycan və Amerika hər il hərbi sahədə əməkdaşlıq proqramını təsdiq edir və həyata keçirir. Bu il ilk dəfə olaraq Azərbaycan Silahlı Qüvvələri ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı imzalanacaqdır.
 Hörmətli mərasim iştirakçıları!
Azərbaycan-Amerika hərbi əməkdaşlığı çoxistiqamətli və çoxsahəlidir. Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin bütün növləri ilə əməkdaşlıq edir. Konkret olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin bir aerodromunun, Çavuş Hazırlığı Məktəbinin, Sülh Naminə Tərəfdaşlıq Mərkəzinin təkmilləşdirilməsi, Simulyasiya və Modelləşmə Mərkəzinin yaradılması, həmçinin sülhməramlı qüvvələrin hazırlanması sahələrində Amerikalı həmkarlarımızla əməkdaşlığımız uğurla davam etdirilir.
Xəzər dənizində strateji maraqların təmin edilməsi və transmilli təhlükələrin qarşısının alınması istiqamatində də əməkdaşlıq həyata keçirilir. Azərbaycan Hərbi Dəniz Qüvvələri gəmilərinin modernləşməsi istiqamətində birgə fəaliyyətlər icra edilir, hər iki ölkənin xüsusi təyinatlıları ildə bir neçə dəfə birgə treninqlər keçirirlər.
Yeri gəlmişkən qeyd edim ki, Oklahoma ştatı ila əməkdaşlıq çərçivasində bir neçə gündən sonra Azərbaycanda hər iki ölkənin hərbi tibb personalının təlimi keçiriləcəkdir.
Hörmətli mərasim iştirakçıları!
Məlum olduğu kimi, Ermənistan Respublikasının işğalçılıq siyasəti yeritməsi səbəbindən Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, 1 milyondan artıq həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu ərazilərdə külli miqdarda nəzarətsiz və uçotsuz silah və hərbi texnika yerləşdirilmişdir.
Buna sübut kimi qeyd etmək istəyirəm ki, bu günlərdə işğal olunmuş ərazilərdə həmin hərbi texnika nümayiş etdirilmişdir. Bu da Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilənin işğalçı Ermənistan Respublikası tərəfındən pozulduğunu bir daha sübut edir və Avropada təhlükəsizliyin ciddi surətdə pozulmasına səbəb olur. Təəssüflə qeyd edirəm ki, beynəlxalq ictimaiyyət bu münaqişənin ədalətli həllinə etinasızlıq göstərir, onun həlli məsələsində ikili standart hökm sürür.
İşğal olunmuş ərazilərdə terrorçu təşkilatların fəaliyyətinə, narkotik maddələr və silah tranzitinə şərait yaradan və özü də bu işlərlə məşğul olan Ermənistanın apardığı işğalçılıq siyasətinə passiv münasibət bəslənilir. Bizi təəccübləndirən bir də budur ki, indiyə qədər dünya dövlətləri həqiqət ola-ola Ermənistanı işğalçı dövlət kimi tanımamışdır.
Hörmətli mərasim iştirakçıları!
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri Amerika Birləşmiş Ştatlarıdır.
Maraqlı bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, bu günlərdə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İnsan haqları üzrə son hesabatında göstərmişdir ki, Ermənistan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun işğalını davam etdirir. Dövlət Departamentinin bu rəyi Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Arzu edirik ki, Amerika Birləşmiş Ştatları həmsədr dövlət kimi bundan sonra da bu münaqişənin beynəlxalq hüquq normaları əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində öz səylərini artırsın və nəhayət bu münaqişə ədalətli həllini tapsın.
Hörmətli mərasim iştirakçıları!
Azərbaycan xalqı və dövləti torpağının bir qarışını da işğalçı Ermənistana güzəştə getməyəcəkdir. Xalqımızın bu qətiyyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu günlərdə Bakının Sabunçu rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbənin açılış mərasimindəki nitqində belə ifadə etmişdir: “Bizim tələbimiz ondan ibarətdir ki, işğal olunmuş bütün torpaqlar, heç bir şərt qoyulmadan azad olunmalıdır”.
Bəyan edirəm ki, Azərbaycanın ədalətli tələbi yerinə yetirilməsə, biz torpaqlarımızı bütün vasitələrlə, o cümlədən hərb yolundan istifadə edərək işğalçılardan azad edəcəyik. Azərbaycan Respublikasının Silahlı Qüvvələri xalqımızın iradəsini həyata keçirməyə hər an hazırdır.
Hörmətli səfir, xanım Enn Dörsi!
Sizi Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələr günü bayramı münasibətilə bir daha təbrik edirəm, Amerika xalqına, Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə, hər bir əsgər və zabitinə, onların ailə üzvlərinə cansağlığı və xoşbəxtlik arzulayıram.
Xahiş edirəm mənim təbrikimi Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Robert Qeytsə çatdırasınız.
Bayramınız mübarək olsun! Diqqətinizə görə sağ olun!